27 fevral – 3 mart tarixlərində “İdman həftəsi” layihəsi çərçivəsində Gəncə məktəbliləri arasında yarışlar, müsabiqələr keçirilib. Layihənin son günü Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 28 nömrəli tam orta məktəbdə kütləvi idman tədbiri təşkil edilib.
Tədbir ilk olaraq məktəblilərin səhər gimnastikası ilə başlayıb. Şagirdlər müəllimlərin göstərişlərinə əsasən müxtəlif isinmə-gərilmə hərəkətləri yerinə yetiriblər. Daha sonra idman növləri, idmana psixoloji yanaşma, sağlam qidalanma kimi mövzularda maarifləndiriliblər. Ayrı-ayrı sinifləri təmsil edən yeniyetmələr bir sıra müsabiqələrdə bacarıqlarını da ortaya qoyublar. Bunlar esse, əl işləri, rəsm müsabiqəsi, idman viktorinası olub.
Kütləvi tədbirdə idman nailiyyətləri olan məktəblilərlə görüş də keçirilib. Ardından stolüstü tennis, qol güləşi, basketbol və “ən sürətli şagird” qaçış yarışı, eləcə də “şən startlar” əyləncəli idman oyunu baş tutub. Layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonda müsabiqə və yarışlarda yer tutan məktəblilərin təltifetmə mərasimi olub. Hər nominasiya üzrə qalib və mükafatçılara fəxri fərmanlar verilib.
Orxan Cəfərzadə
- Baxış: 601