• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 01.03.2023 20:12

Zəngəzur dəhlizinin avtomobil yolu 2025-ci ildə təhvil veriləcək

KepezTV Player

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 26 oktyabr 2021-ci ildə təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Ümumi uzunluğu 123 km-dən çox olan bu yolda gedən işlərlə bağlı həmin ərazilərə mediatur təşkil edilib. Televiziyamızın çəkiliş qrupu da bu ərazilərdə olaraq gedən işlərlə tanış olub. 

Ümumi uzunluğu 123 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun Cəbrayıl rayonu ərazisindən keçən hissəsindəyik. Yolun 46 km-də torpaq tökmə, hamarlama işləri gedir. Bu işlər başa çatdıqdan sonra asfaltlanma işləri görüləcəkdir. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Yol birinci texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir. Yolun ilk 77.5 km-lik hissəsi 6, qalan 46.1 km-lik hissəsi isə 4 hərəkət zolaqlı layihələndirilib. Yolun 36 km-lik hissəsində əsasın üst layı, 38 km-lik hissədə alt layı, 48 km-lik hissəsində isə hamarlayıcı lay döşənib. Layihə üzrə həmin ərazilərdə işlərin 73%-i yerinə yetirilib.

Anar Nəcəfli- AAYDA-nın mətbuat xidmətinin rəhbəri: “Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının Azərbaycandan keçən tərkib hissəsidir. Gələcəkdə Azərbaycanın digər rayonlarını da Naxçıvan Muxtar Respublikasına birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Yolla kəsişmələrdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Şükürbəyli-Cəbrayıl-Hadrud avtomobil yolu bundan başqa, Xudafərin-Qubadlı-Laçın avtomobil yolu məhz bu yolla başlanılaraq tikintisi davam edir”.

Yol boyu 27 körpünin inşası nəzərdə tutulur ki, həmin körpülərdən də 12-nin tikintisi başa çatıb. 

Yol boyu layihəyə uyğun olan 3 avtomobil tunelinin inşası da davam edir. Tunellərin ümumi uzunluğu 6 km-dir. 

Bura Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 113-cü kilometrliyidir. Bu yolda tuneldə inşa olunub. T1 adlanan bu tuneldən sonra paralel olaraq 2 tunel də inşa olunur. Ümumilikdə bu tunellərdə işlər başa çatdıqdan sonra bu yol vasitəsi ilə Naxçıvan sərhəddinə getmək mümkün olacaqdır.

2 tuneldə qazma işləri yekunlaşıb, beton püskürtmə və kəmərsalma tam başa çatıb. 3-cü tuneldə işlər davam edir. 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda görülən işlər Zəngəzur dəhlizinin bir hissəsi olmaqla, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək baxımından böyük əhəmiyyətə malikdir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tam 123-cü kilometrliyindəyik. Bu yolda da təmir-bərpa işləri aparılır. Ümumilikdə isə bu yolun tam başa çatması isə 2025-ci ilin sonuna kimi nəzərdə tutulur.

Elnur Vahidoğlu