Ucqar dağ rayonu olan Daşkəsən istər yay, istərsə də qış fəslində turizim baxımından böyük imkanlara malik bir rayondur. Burada ekoturizmin inkişafı, qış turizmi üçün böyük imkanlar mövcuddur. Rayonda kənd turizminə də maraq böyükdür. Turistik zonalara gedən yolların təmiri isə əlçatanlıq və rahatlığı baxımından əhəmiyyətlidir.
Təxminən 10 il bundan əvvəl icrasına başlanılan Yeni Daşkəsən layihəsində rayonun turizm imkanlarından səmərəli istifadə də öz əksini tapıb. Səfalı təbiət, uca dağlar eləcə də, sıx meşələr. Bütün bunlar Daşkəsən rayonunun turizm potensialı üçün böyük əhəmiyyət kəsb edir. Məhz elə bu da turistləri özünə cəlb edir. Bunun üçün də rayona gələn turistlərin sayı ilbəil artır.
Rayonda turizmin inkişaf etdirilməsi, xidmətin müasir tələblər səviyyəsində qurulması məqsədilə pilot layihə olaraq 10 kənddə təxminən 10 ailə kənd turizminə cəlb edilib. Maarif Mazanov- Quşçu kənd sakini: “Daşkəsən rayonu, Quşçu kəndində yaşayıram. Burda turizmə maraq böyükdür. Yayda da turizm xətti ilə bizim evləri də təmir etdilər. Bütün fəsillərdə bu kəndə gəlib, qalırlar. Kirayədə qalırlar, o da bizim büdcəmizə çox xeyirlidir”.
Xudat Məmmədov- Quşçu kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsinin müavini: “Daşkəsən rayonunun Quşçu kəndi turizm potensialına uyğun kənddir. Şəfalı təbiəti, çayı, meşəlik ərazisi olduğu üçün turistləri özünə cəlb edib. Kənd, həmçinin qazla, asfalt örtüyü ilə də təmin edilmişdir. Bu da turistlərin gediş-gəlişində əlverişli şərait yaradıb. Ötən il yayda Quşçu kəndində 10 ailənin evində bərpa-təmir işləri aparılıb. Hazırda yenə də turistlər gedib-gəlirlər”.
Daşkəsənin istər təbiəti, istərsə də zəngin tarixi abidələri turistlərin rayona böyük maraq göstərməsi üçün əsas yaradır. Bunu nəzərə alaraq yeni marşrut istiqamətləri təyin edilib.
Elmar Əliyev- Daşkəsən rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini: “Daşkəsənin turizm imkanlarını təbliğ etmək məqsədi ilə vizitdaşkəsən adlı sayt yaratdıq. Dövlət Turizim Agentliyi ilə də qarşılıqlı fəaliyyət göstəririk. Burada onlarla birlikdə turizm cığırları təşkil olunubdur. Eləcə də turizmlə bağlı maarifləndirici, göstərici lövhələr vurulubdur. Bunda da Çexiya təcrübəsindən istifadə edilib. Daşkəsən rayonunun Xoşbulaq turizm rekreasiya zonasının yaradılması üzərində də iş aparırıq. Bununla bağlı da turizim agentliyi ilə fəaliyyətimiz davam edir”.
Turizmin inkişafı üçün infrastruktur da böyük əhəmiyyətə malikdir. Rayonun əsas kənd yollarından hesab edilən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması da buna xidmət edir. Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu rayon üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, rayona gələn qonaqlar, eləcə də turistlər, həmçinin rayon sakinləri məhz bu avtomobil yolundan daha çox istifadə edir.
Alim Cəfərov- sakin: “Əvvəllər yol bərbad gündə idi. İndi asfalt çəkilib, rahat gediş-gəliş yaxşıdır. Bazara da, rayona da rahat gedib gəlirik”.
Azər Zeynalov- sürücü: “Mən özüm sürücüyəm. Əvvəllər yollar bərbad gündə idi. Maşın tez-tez xarab olurdu, ehtiyyat hissələri alırdıq. İndi yollarımız da yaxşıdır”.
Yayda ay ərzində təkcə rayonun Xoşbulaq kəndinə 30 minə yaxın turist gəlir ki, bunun da 90 faizə yaxını yerlilərdir. Əsasən də turistlər ekoloji cəhətdən təmiz olan kənd məhsulları ilə qidalanaraq istirahət etməyə üstünlük verirlər.
Elnur Vahidoğlu
- Baxış: 266