• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 25.02.2023 19:24

Beynəlxalq koalisiyanın nümayəndələri Ağdamdan sülh çağırışı ediblər

KepezTV Player

“Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının Ağdam şəhərində “Sülh üçün çağırış” mövzusunda tədbiri təşkil olunub. Türkiyə, İtaliya, Danimarka, Macarıstan, Bosniya və Herseqovina və digər ölkələrdən mütəxəssislərə Ağdamın tarixi, indiki vəziyyəti haqqında ətraflı məlumat verilib. Beynəlxalq koalisiyanın nümayəndələri sonra xocalılıların qətlə yetirildiyi, Xocalı ilə Ağdam arasında yolun üzərində yerləşən Şelli kəndindəki “Ölüm dəhlizinə” səfər ediblər. Xocalı faciəsinin şahidləri bildiriblər ki, 1992-ci il fevralın 26-da Xocalı işğal edilərkən erməni terrorçuları guya bu yolun “humanitar dəhliz” kimi təmin edildiyini bildirib, lakin elə həmin dəhlizdə yüzlərlə dinc insanı qətlə yetiriblər. Daha sonra koalisiya üzvləri humanitar dəhlizin “Ölüm dəhlizi”nə çevrildiyi, Xocalının cəmi 9 kilometrliyində yerləşən ərazidə günahsız qurbanların xatirəsinə zeytun ağacı əkiblər. Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında isə koalisiyanın şüarını əks etdirən “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil” yazılmış xüsusi poster yerləşdirilib. Qonaqlar Ağdam şəhərində Xocalı soyqırımı qurbanlarının vaxtilə dəfn olunduğu xiyabanı, Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanını da ziyarət ediblər. Azərbaycan Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə də məlumat verilib.