Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentini Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.*** İstanbulda Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanlarla bağlı dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Rəcəb Tayyib Ərdoğan da Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib. Azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri də müzakirə olunub. Dövlət başçıları, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə də təbrik edib. *** Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb.
- Baxış: 369