Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan dəyirmi masada bildirilib. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Xocalı soyqırımını tərəqqipərvər bəşəriyyətin məqsədlərinə xəyanət kimi dəyərləndirməklə, erməni faşizminin insanlığa zidd xislətinin dünya ictimaiyyətinə çatdırılmasında alimlərimizin böyük rolu olduğunu qeyd edib. Daha sonra “Soyqırımların tarixinin araşdırılması”, “Xocalı faciəsinin tanıdılmasında mətbuatın rolu”, “Tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti” və “Qarabağda aşkar edilmiş kütləvi məzarlıqlar” mövzularında məruzələr dinlənilib. Materialların ingilis dilinə tərcüməsinin hazırlanması, onların çap və elektron formasında yayılması haqda Bölmənin müvafiq şöbələrinə göstəriş verilib.
- Baxış: 227