• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 23.02.2023 20:16

Xidmətlər zərfinin genişləndirilməsi sıxlıq yaradır

Artıq üç ildir ölkə vətəndaşlarına dövlət və özəl tibbi müəssisələrdə xidmətlərdən tam ödənişsiz istifadə imkanı yaradılıb. Bu, icbari tibbi sığortanın tətbiqi sayəsində mümkün olub. Proqramın üstünlüyü ilə yanaşı tətbiqi, bəzi xəstəxanalarda sıxlığa gətirib çıxarıb ki, bu da vətəndaşları narazı salan məqamdır.

Sevda Kazımova- Gəncə sakini: “Səhər 8-dən Abbas Səhhət adlı xəstəxanada gözləyirəm. Hələ ki, saat 12-di və mən hələ həkim müayinəsindən keçə bilməmişəm. Həddindən artıq sıxlıqdır. Xəstə olan da, olmayan da gəlir. Heç oturacaq da çatmır ki, oturaq”.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə mərhələli şəkildə 1 yanvar 2020-ci il tarixindən başlanılıb. 2021-ci ilin aprelindən isə proses bütün ölkəni əhatə edir. Hazırda Gəncədə 5 dövlət, 3 özəl tibb müəssisəsində icbari tibbi sığorta tətbiq olunur.

Sədaqət Abdullahpir- Bərdə sakini: “Bərdə rayonunun Uğurbəyli kəndindən gəlmişəm. Bu sığorta çox gözəl bir şeydir. Ancaq ki, bir çətinlik olur ki, basırıq olur. İçəri girə bilmirik. Mən saat 9-dan gəmişəm, amma girə bilmirik”.

Kəmalə Abdullayeva- Gəncə sakini: “Sığorta ilə gəlmişəm həkimlərə. Can həkiminə və nervopatoloqa. İndi növbə ilə UZİ-yə də düşürük. Qan analizi də vermişəm. Sağ olsunlar. Sığortadan da razıyıq”.

Nəzakət Allahverənova- Bərdə sakini: “Bərdə rayonundan Gəncəyə gəlmişəm, özümü yoxlatmağa. Həkimim də çox yaxşı qarşıladı məni. Sığortanın olması bizim üçün lap yaxşıdır. İmkanımız yoxdu. Amma sığorta olduğuna görə gəlib yoxlanırıq”.

Elbrus Ağaməmmədov- Gəncə sakini: “Burda rentgen xidmətindən və MRT-dən istifadə eləmək üçün gəlmişəm. Ödənişsiz qəbul edirlər sağ olsunlar. Sadəcə olaraq, bir az sıxlıq müşaidə olunur”.

İcbari tibbi sığortanın xidmətlər zərfində 2550 xidmət var ki, vətəndaşlar bundan ödənişsiz şəkildə yararlana bilirlər. Xidmətlərin zənginliyi, müraciətlərin çoxluğu isə sıxlığa səbəb olur. Əvvəlki dövrlə müqayisədə, pasientlərin sayında 3 dəfəyə kimi artım müşahidə olunan xidmətlər də var.

Aynur Xudiyeva- USM həkimi: “Gün ərzində müraciətimiz əlbəttə artıbdır. Əvvəl 20-30 vətəndaş qəbul edirdiksə, bu gün say artıb. 40-50 nəfərə kimi xəstə qəbul edirik. Bu da nədən qaynaqlanır, bizim şəraitimizin dəyişməsi ilə bağlıdır və bizim xəstəxanamız regional olduğu üçün tək Gəncə yox, ətraf rayonlardan da müraciətlərimiz var. Əsasən Samux, Goranboy, Şəmkir, Gədəbəy, Daşkəsəndən daha çox müraciətlərimiz var”.

Ruhin Abuzərli- şöbə müdiri: “Gün ərzində hardasa 150-200 müraciət edilirdi. Sığortaya keçəndən bəri saylar hardasa 2-3 dəfə artıb. Abbas Səhhət xəstəxanasında xəstələrimizə yüksək səviyyədə xidmət olunur. Sayın artmasına səbəb, bizdə bütün müayinələrin pulsuz şəkildə icra olunmasıdır. Əgər əlimizdəki müayinə və müalicələr alınmadıqda da. biz ya özəl, ya da Bakı şəhərinə göndəriş yazırıq”.

Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Azelma Dadaşova- Gəncə şəhər Birləşmiş Xəstəxanası Sığortanın Təşkili və İnnovasiya şöbəsinin müdiri: “Səhiyyə xidmətinin azaldılması nəticəsidə də tibb müəssisələrimizə müraciətlərin sayı artmışdır. Elə statistik göstəricilərə baxdıqda da görürük ki, 2021-ci ildə müəssisələrimizə ambulator müraciətlərin sayı 600 mindən çox olmuşdursa, 2022-ci ildə bu say 1 milyonu ötmüşdür. Daha çox ürək-damar xəstəlikləri ilə bağlı, beyin infarktı xəstəlikləri, vaskulyar xəstəliklər, uroloji xəstəliklər üçün gəlirlər. Cərrahi əməliyyatların sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ildə 6-7 min arası əməliyyatlar olmuşdursa, 2022-ci ildə əməliyyatların sayı 10 mindən çox olmuşdur”.

Xəstəxanalardakı sıxlığın qarşısını almaq üçün qarşıdakı günlərdə xəstəxanalara növbə aparatlarının quraşdırılması nəzərdə tutulur.

Aişə Rzayeva