• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 21.02.2023 20:09

Horadiz - Ağbənd dəmir yolunda işlər yarılanıb

KepezTV Player

Strateji cəhətdən böyük əhəmiyyətə malik olan Horadiz-Ağbənd dəmir yolu xətti tikintisinin gedişatını izləmək məqsədilə növbəti dəfə işğaldan azad olunan ərazilərə mediatur təşkil edilib. Bu dəfə jurnalistlər Zəngilan və Cəbrayılda olublar.

KİV nümayəndələri ilk olaraq Zəngilanda Həkəri stansiyasına yaxın ərazidə və dəmiryolu layihəsinə daxil olan ən uzun dəmiryol körpüsünün tikintisi ilə tanış olublar. Qurğu dəmir yolunun 65-ci kilometrliyində inşa edilir.

Horadiz-Ağbənd dəmir yolu xətti tikintisinin layihəsinə daxil olan bu körpü Həkəri çayının üzərinə yerləşir. 418 metr uzunluğunda olan bu qurğu həmçinin ölkə üzrə üzərində dəmiryolu xətləri yerləşən ən böyük körpü hesab olunur.

13 aşırımı olan körpüdə hazırda işlər son mərhələdədir. Beton səthinin izolyasiya və torpaq işləri görülür. Körpünün yaxın həftələrdə təhvil verilməsi nəzərdə tutulub.

Körpünün inşasında gənc mühəndislər də çalışırlar. Onlar azad olunan ərazilərdəki bu layihədə iştirak etmələri ilə qürur duyurlar.

Daha sonra isə media işçiləri Cəbrayıla yola düşüblər. Dəmir yolu xəttinin sözügedən rayonun ərazisindən keçən hissəsində 4 stansiya olacaq ki, Qumlaq stansiyası bunlardan sonuncusudur. Bir müddət əvvəl təməli qoyulan stansiyasiyanın yaxılığında relslərin salınmasının əsas hissəsi başa çatıb.

Ümumilikdə dəmir yolunun çəkilişi bir xətt üzrə nəzərdə tutulsa da, dəmir yolunun 49-cu kilometrliyində 3 relsin inşası planlaşdırılır. Bu yüklərin vaxtında boşaldılması və qatarların qarşı-qarşıya gələrkən qarşılıqlı şəkildə keçidinə hesablanıb.

Dəmir yolunun Cəbrayıl ərazisindəki işlərin böyük qismi tamamlanıb. Layihənin ikinci mərhələsində bu rayonda Soltanlı və Qumlaq stansiyalarının inşası aparılacaq.

Horadiz - Ağbənd dəmir yolu 3 mərhələdə inşa edilir və uzunluğu 110,4 km-dir. Layihə üzrə 9 stansiya inşa olunur. İşlərin layihə üzrə 80, tikinti üzrə 38 faizi yerinə yetirilib. Dəmir yolunun 2024-cü ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Orxan Cəfərzadə