Ucqar dağ rayonu olan Daşkəsəndə təhsilin inkişafı, müəllimlər üçün normal iş şəraitinin yaradılması, şagirdlərin əlverişli təhsil mühiti ilə əhatə olunması diqqətdən kənarda deyil. Son 6 ildə rayonun Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən yeni məktəblər tikilib, istifadəyə verilib. Bir çox təhsil müəssisəsi isə əsaslı və cari təmir edilib. Hazırda isə rayon mərkəzində yerləşən şəhid Anar Mürsəlovun adını daşıyan orta məktəb üçün yeni bina inşa edilir.
Anar Mürsəlov adına Daşkəsən rayon 2 nömrəli orta məktəbi 1946-cı ildən fəaliyyət göstərir. Həmin ildən indiyə kimi bu məktəbdə cari təmir işləri aparılsa da, əsaslı təmir işləri görülməyib. Məhz elə bunun üçün də bu məktəbin tikintisinə ehtiyac var idi.
Aybəniz Vəliyeva- məktəbin direktoru: “Köhnə məktəb idi. Məktəbdə şagirdlər üçün lazım olan şərait yox idi. Sinif otaqları darısqal idi. Məktəbimizdə uşaq sayı çoxdur. 600-ə yaxın şagird sayımız var. O da köhnə məktəbə yerləşmirdi”.
Məktəbin tikintisi ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq aparılır. 360 yerlik binada hörgü işləri tam baş çatıb. Dam örtüyü vurulub, pəncərələr dəyişdirilib. Hazırda otaqların suvanması və elektrik xətlərinin çəkilməsi işləri gedir. Həmçinin havalandırma, istilik sistemi və rabitə xətləri çəkilir.
Cavid İsmayılov- iş icraçısı: “Hazırda məktəb binasında istilik şəbəkəsinin əlli faizdən artığı çəkilmişdir. Məktəb binasında 50 kubmetrlik su anbarı layihələndirilmişdir. Bundan əlavə informatika, kimya, fizika kabineti, idman zalı, müasir yeməkxana layihələndirilmişdir. Kamera şəbəkəsi layihələndirilmişdir. Hazırda o işlər sürətlə davam etdirilir. Rəngsaz işlərinin başlanmasına yaxın günlərdə start veriləcəkdir”.
Daşksən rayonunda ümumilikdə 41 orta məktəb fəaliyyət göstərir ki, bunun da 10-u modul tipli təhsil müəssisəsidir. Rayonda yeni məktəblərin inşasına ehtiyac olmasa da, əsaslı təmir edilməli binalar var.
Rizvan Ələsgərov- Daşkəsən rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi: “6 məktəbimizdə əsaslı təmir işlərinin aparılmasına ehtiyac vardır. Bu məktəblər də istifadəyə yararlıdır və istifadə olunur. Şəhər məktəblərindən olan Səməd Vurğun adına 4 saylı orta məktəb, digər məktəblərimiz isə kənd məktəblərimizdir. Dövlət proqramına salınıbdır, 2-3 ilə onların da təmir edilməsi gözlənilir”.
Yenilənən 2 nömrəli məktəbdə 50 pedaqoq 535 şagirdin təlim tərbiyəsi ilə məşğul olur. Tikinti işləri ilə əlaqədar olaraq məktəbin şagirdləri digər təhsil müəssisəsində dərslərini davam etdirirlər. Məktəbin yeni tədris ilindən istifadəsi planlaşdırılıb.
Elnur Vahdidoğlu
- Baxış: 207