• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 20.02.2023 23:00

Qrup halında oynanılan lotoreya nə qədər etibarlıdır?

KepezTV Player

Deyirlər onu yığmaq üçün iradə, saxlamaq üçün isə ağıl lazımdır. Bəli, söhbət puldan gedir. Sirr deyil ki, çox adam kifayət qədər pul qazansa da, onu yığa bilmir. Belələri çıxış yolunu lotoreya oynamaqda görür. Yox, uduşlu lotoreya yox, korporativ lotoreya. Yəni işdə, qohumda, tanışda 5- 10 nəfərlik qrup yaradaraq dövrü formada pul verib, pul əldə etmək. Hər ay müəyyən bir məbləğ toplanaraq növbə ilə qrup üzvlərinin biri götürür. Bunun adını nədənsə “lotoreya oynamaq” qoyublar. Zənnimizcə burada əsas ifadə məhz “oynamaq” sözüdür. Amma ən doğrusunu təbii ki, oynayanlar və bunu dəyərləndirənlər bilirlər.

İllərdir lotoreya təşkil edir və eyni zamanda özü də oynayır: Demək olar ki, əksər məişət qayğılarını məhz oradan aldığı pulla həll edir. Deyir ki, yüksək bank faizlərindən yaxa qurtarmağın ən gözəl yoludur- lotereya oynamaq.

Həmzə Əmiraslanov- Lotoreya təşkilatçısı və iştirakçısı: “Özümüz təşkil edirik, çalışırıq etibarlı adamlarla oynayaq. Kimin toyu varsa, nəsə bir işi varsa, onda onun sırasına uyğun olaraq qururuq”.

Bu oyunda risklər də var. Qeyd edildiyi kimi etibarla əlaqədar risklər. Amma bununla belə pulunu yığmaq üçün lotoreya oynamağa üstünlük verənlərin də sayı kifayət qədərdir. Sorğumuz zamanı da məlum oldu ki, bəzi maliyyə problemlərini həll etmək, nə isə almaq üçün bu metoda müraciət edənlərin sayı çoxdur.

Sakin: “Banklar çox faiz qoyur, ancaq burda heç nə itirmisən. Müxtəlif yerlər olub götürdüyümüz, amma həmişə xeyir görmüşük”.

Sakin: “Lotoreya oynamışam. Hər kəsin qarşısına həmişə yaxşı insanlar çıxsın. Sərf edir, yaxşıdır, faiz vermisən. İstədiyin yeri də tuta bilirsən, hansı ayı istəyirsənsə onu. Xahiş edirsən səni yerləşdirirlər. Problemini həll edirsən”.

Bəli, əsas olan sədaqətdir. Amma bu dəyərləri təəssüf ki, hər kəsdə görmək olmur. Bəzən bu oyuna aludə olan insanlar Əlinin papağını Vəlinin başına, Vəlinin papağını da Əlinin başına metoduna keçirlər. Yəni, bir qrupda götürdüyü pulu digər qrupdakı ödənişlərə sərf edirlər. Bununla da digər şəxsərin pulunu gecikdirmiş olurlar və etibarsızlıq yaranır.

Sakin: “Əvvəl-axır biri cırnayır. Nəsə pozulur. Ona görə də qətiyyən güvənmirəm. Sakin: “Eşitmişəm oynayırlar, nə girişməmişəm, nə də oynamamışam. Məncə yox”. Sakin: “Məsləhətli deyil. Ondansa dövlətin bankı məsləhətdir”.

Sakin: “Mən oynamamışam deyə, anlayışım yoxdur”.

Sakin: “Biz bankdan pul götürürük. Bank etibarlıdır. Dövlət bankıdır”.

Gözlədiyimizin əksinə sosioloqlar da lotoreya oyununu faydalı hesab edirlər. Xüsusən də iqtisadi çətinlik yaşayanlar.

Qərənfil Ramazanova- sosioloq: “Bu ona görə müsbətdir ki, burda faiz məsələsi olmur. Faiz bir yükdür, sıxıntıdır. Ev, ailə üçün gərginlikdir. Amma lotoreya məsələsində insanlar hansısa formada öz ehtiyaclarını həll edrlər. Və burada bir nizamlanma, tənzimlənmə olur. Yəni ki, kimin daha çox hansı ayda ehtiyacı var, kim hansı ayda problemini həll etmək üçün daha uyğundur, onu dostcasına həll edirlər. Ona görə insanlar buna can atır və banklardan uzaq durmağa çalışırlar. Və bu nöqteyi nəzərdən mən lotoreyanı müsbət dəyərləndirirəm”.

Pulunuzu etibarlı insanlara əmanət edin ki, əmanətə xəyanətlə rastlaşmayasınız. Yəni oynayanda da elə oynayın ki, başınıza iş gəlməsin.

Aişə Rzayeva