• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 19.02.2023 20:02

Qadın cüdoçularımız ilk dəfə Göygöldə

KepezTV Player

Cüdo üzrə qadınlardan ibarət milli komandamız ilk dəfə Göygöldə təlim-məşq toplanışında olub. Yığma üzvlərinə hazırlıqla yanaşı ustad dərsləri də keçirilib
Millinin toplanışı yerli Olimpiya İdman kompleksində baş tutub. Hazırlıq çərçivəsində cüdo federasiyasının prezidentinin müşaviri, əməkdar idman ustası Natiq Bağırov xanım cüdoçulara ustad dərsi keçib. Mütəxəssis tərəfindən müəyyən fəndlərin yerinə yetirilməsi ilə bağlı tövsiyələr verilib, əsasən idmançılara parter vəziyyətində rəqibdən xal almağın yolları izah olunub.
Yığma komanda Göygöldə 3 həftəyə yaxın təlim-məşq toplanışı keçib. Səhər və axşam olmaqla gündə iki dəfə məşq edən millimiz qarşıdan gələn yarışlara hazırlaşıb. Günün ilk yarısı fiziki, axşam saatlarında isə döşək məşqlərinə üstünlük verilib. Ümumilikdə 20-dən çox cüdoçunun yer aldığı toplanışda zərif tatami ustaları ilk dəfədir ki, regionda hazırlıqda olublar.
Qadınlardan ibarət yığma komandamızı qarşıda böyük dəbilqə turniri gözləyir. Yarış martın 3-dən 5-dək Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.