Prezident İlham Əliyev Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə də görüşüb. Görüşdə dövlətimizin başçısı tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd edib. Azərbaycanın Quba rayonunda yaşayan yəhudi icması haqqında danışan Prezident İlham Əliyev dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərildiyini, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlərin görüldüyünü vurğulayıb. Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit Azərbaycanın yəhudi icmasının fəaliyyətini möhkəm təməllər üzərində davam etdirdiyini vurğulayıb, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Pinhas Qoldşmit Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, o cümlədən yəhudi icması üçün yaradılmış şəraitin digər ölkələrə nümunə olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
- Baxış: 250