Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 38 044 nəfərə çatıb, 108 mindən çox adam isə yaralanıb. 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir. Zəlzələ bölgəsində 61722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək. 13 917 bina orta dərəcədə zədələnib. Hazırda zəlzələ bölgəsində 35 min 249 xilasedici olmaqla, 249 mindən çox personal fəaliyyət göstərir, xilasetmə işləri davam edir. Axtarış-xilasetmə işlərində fəaliyyət göstərən ölkə sayı 74, heyət sayı isə 7098 nəfərdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
- Baxış: 329