• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 16.02.2023 21:32

Qaradağlı qətliamı: Xocalı soyqırımının başlanğıcı

KepezTV Player

Qaradağlı faciəsi Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri növbəti bir qətliamdır. O qətliam ki, illər ötsə də, bu gün də unudulmur, yaddan çıxmır. Qaradağlı soyqırımını həm də ikinci Xocalı adlandırırlar. Çünki, 1992-ci il fevralın 17-də törədilmiş Qaradağlı faciəsi Xocalı soyqırımınadək olan ən qanlı faciə kimi tarixə yazılıb. Həmin gün Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndinə hücum edərək, kənd sakinlərini xüsusi amansızlıqla işgəncə verərək qətlə yetiriblər.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Qarabağda erməni separatçıları baş qaldırdığı andan Qaradağlı kəndinin də faciəli günləri başlayıb. Həmin ildən  kənd əhalisinə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil edilirdi. Erməni silahlıları  fermaları, evləri yandırır, kənd camaatına işgəncə verib, öldürürdülər. Kənd sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizə apardı. Onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.

1992-ci il fevral ayının 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilən, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləsinə  qədər 4 gün düşmənlə mübarizə apardı. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. Silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir və girov götürüldülər. Əsir götürülən 188 sakindən 101-i vəhşicəsinə qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri qoca, 10 nəfəri qadın, 8 nəfəri isə məktəbli idi.

Dəhşətli faciənin canlı şahidlərindən olan Tağıyev Eyvaz deyir ki, kənd əhalisi çox əziyyətlərə, zülmlərə məruz qalıb. Demək olar ki, hər bir ailə faciə ilə üzləşib. Ermənilər kəndi işğal etdikdən sonra insanlara olmazın işgəncələr veriblər, döyüblər, ac-susuz saxlayıblar.

Eyvaz Tağıyev- Qaradağlı sakini: “17 fevral 1992-ci il Qaradağlı kəndi işğal olunan zaman bizim kənddə 80 nəfər şəhid olmuşdu. Həmin şəhidlərdən mənim qardaşım Elzaminin əmisi Tağıyev Faiq Həsrət oğlu, ana babası Hüseynov Dəmir Musa oğlu, dayısı Hüseynov Zülfüqar Dəmir oğlu, dayısı oğlu Hüseyiov Fədayil Zülfüqar oğlu və mənim öz dayım oğlanları, iki dayım oğlanları olmuşdur ki, onlar da Dadaşov Mikayıl, Dadaşov Mənaf, Nağıyev Aftandil və dayım Dadaşov Eldar ən yaxın qohumlarımızdan idi və demək olar ki, kənd hamısı bir-birinə qohum idi. Ən yaxın adamlarımızdan 25 nəfər şəhid olub”.

Bu gün Qaradağlı faciəsindən illər ötməsinə baxmayaraq, hələ də o tarix qanlı yaddaş kimi daim xatırlanır və bundan sonra da xatırlanacaq. Çünki, Qaradağlı faciəsi təkcə bir ölkənin, bir şəhərin deyil, Xocalı faciəsi kimi - bəşər tarixinin qanlı səhifəsidir. Bu faciə Azərbaycan xalqının milli iradəsini, azadlıq eşqini, işğalla barışmaz mövqeyini sarsıda bilmədi. Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Qaradağlıların qisası döyüş meydanında alındı. 

Fərid Mehdiyev