Türkiyədə təhsil alan Şahin Vəliyevlə son dəfə görüşürdü onu tanıyanlar, ailə üzvləri və qohumları. Bu dəfə zəlzələ nəticəsində dağıntılar altından cansız çıxarılan bədənini son mənzilə yola salmaq üçün. Alın yazısımı, yoxsa qismətmi, idmançı olaraq yüksəklərə qaldırmaq istədiyi Azərbaycan bayrağı tabutuna bükülmüşdü gəncin.
Türkiyədə baş verən zəlzələ zamanı həlak olan soydaşlarımızdan biri də Şahin Vəliyevdir. Bu gün səhər saatların Şahinin nəşi yaşadığı Gəncə şəhərinə gətirilib. Hazırda onun yaxınları, qohumları, dostları vida mərasiminə toplaşıb.
Türkiyənin Malatya şəhərində təhsil alan Şahin Vəliyevlə vida mərasimi mərhumun Cavadxan qəsəbəsindəki evində keçirilib. Onun ölüm xəbərini eşidən hamı bura toplaşmışdı. Hər kəs arzuları qəlbində qalan 22 yaşlı cavanla sağollaşmağa tələsirdi. Təhsilini qardaş ölkədə başa vurub doğma yurduna qayıtmaq və burada vətəninə, xalqına layiqli övlad olmaq istəyirdi Şahin. Bununla həm ölkəsi, həm də ailəsi üçün vətəndaşlıq, övladlıq borcunu verməyi düşünürdü.
Malatyanın İnönü Universitetində İdman menecerliyi ixtisasında oxuyan Şahin Vəliyev Zəfər məhəlləsində yaşayırdı. Türkiyədə baş verən güclü zəlzələ zamanı Şahinin ölümü ilə ailəsi, qohumları ilə yanaşı dostları, qonşuları da barışa bilmirlər.
Qardaş ölkədə güclü zəlzələ zamanı dünyasını dəyişən Şahin Vəliyev şəhərin Şəhidlər xiyabanında dəfn edilib. Vida mərasimində şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulu, eləcə də ictimaiyyət nümayəndələri də iştirak edib.
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalanlar arasında 4 azərbaycanlı tələbədən biri olub Şahin Vəliyev. Onun meyiti dağıntlar altından zəlzələdən 8 gün sonra çıxarılaraq ailəsinə təhvil verilib.
Elnur Vahidoğlu
- Baxış: 244