• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 10.02.2023 20:06

Türkiyəyə humanitar yardım göndərilməsi davam edir

KepezTV Player

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müvafiq hərbi hissələrdə yaradılan toplama məntəqələrində yığılan yardım ləvazimatları da növbəti yük avtomobili ilə Türkiyəyə yola salınıb. Toplama məntəqələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri tərəfindən zəlzələ nəticəsində zərər dəymiş bacı və qardaşlarımıza quru qida, təmizlik ləvazimatları, geyim əşyaları, eləcə də yataq, istilik, kiçik məişət avadanlıqlarının və həyati əhəmiyyəti olan digər əşyaların toplanması üzrə tədbirlər davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyinin qardaş ölkəyə göndərdiyi növbəti humanitar yardım - 14 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi da Kahramanmaraşa çatıb. Avtomobil karvanı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin şəhər ərazisində yerləşən Təhsil Mərkəzinə gəlib. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım isə Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət yardım aidiyyəti üzrə təhvil verilib.

Bu gün Naxçıvandan da yardım dolu 11 TIR ünvanına yardım yola düşüb.

Gəncə şəhərindən də Türkiyədə zəlzələdən zərərçəkənlərə növbəti yardım göndərilib. Kampaniya çərçivəsində ümumi çəkisi 150 tona yaxın yardımın yerləşdirildiyi 7 TIR yola salınıb. Göndərilən yardımlar Gəncə və ətraf rayonlardan toplanıb. Ləvazimatlar əsasən, isti geyimlər, istilik vasitələri, yorğanlar, ədyallar, uşaq bezləri və yeməkləri, qablaşdırılmış qidalar və digər zəruri əşyalardır. Yolasalma mərasimində Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Şəhər İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Növbəti yardım karvanının sabah yola salınması nəzərdə tutulub.