• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 06.02.2023 12:47

Regionun ilki "Kəpəz FM" yubiley yaşında

KepezTV Player

Radionu özünə yol yoldaşı edənlər yaxşı bilirlər: Dinləyicinin qəlbinə gedən yol gözəl musiqidən və səsdən keçir. Qərb regionunun dinləyicilərinin mənəvi qidası da Kəpəz FM-dir. Azərbaycanın ilk regional radio kanalı olan “Kəpəz FM” 2013-cü ilin 5 fevralında Gəncə şəhərində 24 saatlıq yayıma başlayıb. Həftə ərzində beş gün sabahı “Gəl ey səhər”lə açanlar, günorta naharını “Vaxt bizim, söz sizin”lə edib təbriklərini, etiraflarını çatdırırlar, işdən qayıdanlar isə “Bu axşam” verilişi vasitəsilə yorğunluqlarını çıxarırlar. Həftə ərzində www.kepezfm.az saytında səs toplayaraq ən çox dinlənilən musiqiçilərin ifaları isə "Milli 20" və "Top 20" hit-paradlarında yer alır. Gün ərzində 8 dəfə dünya və ölkə gündəmində baş verən ən son xəbərlər “Kəpəz Xəbər”də çatdırılır. Kəpəz FM radiosu yayıma başladığı gündən etibarən dinləyicilərdə musiqi zövqünü formalaşdırmaq, maarifləndirmək missiyasını öz üzərinə götürüb. Dinləyicilər də bu hədəfə doğru irəliləyərkən hər zaman yanımızda olublar.

Turanə Şirinova- baş musiqi redaktoru: "2015-ci ildən bəri Kəpəz FM-də fəaliyyət göstərirəm. Bizim işimiz gün ərzində dinləyicilərin zövqünü oxşayan musiqilər seçmək, musiqilər təqdim etməkdir. Anonslara, xəbərlərin, verilişlərin gedişinə redaktorlarla birlikdə nəzarət edirik. 10 il ərzində biz çalışdıq ki, dinləyicilərimizin rəğbətini qazanaq, onların zövqünü oxşayaq və məncə biz, bunu bacardıq. Biz bunu  dinləyicilərimizin geri dönüş edən zaman mesajları ilə, bizə qulaq asmaqları ilə, verilişlərimizə gələn yazılı və səsli mesajlarlardan nəticə çıxardıq.  Dalğandan gələn səsin mübarək Kəpəz FM. Səsin ucalardan gəlsin".

Lalə Nəsib- aparıcı: "Artıq  1 ilə yaxındır ki, Kəpəz FM-də xəbər aparıcısı olaraq fəaliyyət göstərirəm. Ölkə ərazisində olan ən son xəbərləri operativ, qərəzsiz və vicdanlı şəkildə çatdırmağa çalışırıq. Xəbərlərin əsas məqsədi yorucu olmamaq, balanslı davranmaq və ən əsası məlumatı rahat şəkildə dinləyicilərə çatdırmaqdır. Biz də inanırıq ki, buna nail olmuşuq. Kəpəz FM radiosunun 10 yaşı münasibətilə bütün kollektivi səmimi qəlbdən təbrik edirəm".