Molla-fars rejiminin millətə qarşı yönələn düşmənçiliyi Güney Azərbaycanda baş verən güclü zəlzələ fonunda daha qabarıq özünü şəkildə büruzə verir. Təbii fəlakətdən günlər ötməsinə baxmayaraq Xoyda yaşayan soydaşlarımız qarlı və şaxtalı gecələri küçələrdə ocaq başında keçirmək məcburiyyətində qalır. İran Qızıl Aypara Cəmiyyətinin verdiyi çadırlar yetərli deyil. Türkiyənin Qızıl Aypara Cəmiyyətinin yardım təklifindən isə Tehran rejimi imtina edib. Dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalsa da rejim güneyli azərbaycanlıların yaşadığı deyil, digər vətəndaşlarının yaşadıqları ərazilərdəki dağıntıları, fəsadları aradan qaldırmaq, sakinlərə humanitar yardım etmək istiqamətində fəallıqları ilə seçilirlər.
Mənzərə olduqca acınacaqlıdır. Uşaq, yaşlı, cavan şaxtalı havada donmamaq üçün, ailələr övladlarını və qoca valideyinlərini soyuqdan qorumaq üçün əlindən gələni etməyə çalışır. Üşüyən, istilik, paltar, yemək sarıdan əziyyət çəkən cənublu soydaşlarımız ölməmək üçün vuruşurlar. Özlərinin fəaliyyətsizliyi, üstəgəl edilən yardımı qəbul etməyən fars rejimi bununla soydaşlarımıza qarşı humanitar soyqırımı törədir. Bu bir daha başıəmmaməlilərin vətəndaşlarına qeyri-insani münasibətindən xəbər verir. Rejim mövcudluğunu qorumaq üçün vətəndaşlarını qurban etməyi gözə alacaq qədər azğınlaşıb.
Molla respublikasının zəlzələdən əziyyət çəkənlərə kömək əli uzadanlara "yox" deməsi böyük ehtimalla insani yardımı özü üçün təhlükə kimi görməsidir. İranın dövlət qurumları bilərəkdən zəlzələ nəticəsində evləri dağılan, ərzaq çatışmazlığı yaşayan və soyuqdan əziyyət çəkən vətəndaşlarına yardım etmək əvəzinə, azərbaycanlıların hər hansı bir yolla mümkün qədər qətliamına rəvac verir. Yəni minlərlə insanın aqibətinin İranın olmayan mərhəmətinin ümidinə qalması son zamanlar qırmızı xətti qırmızıcasına keçməklə iç üzünü ortaya qoyan rəsmi Tehranın laqeyidliyini də göstərir.
Az qala yarım milyonluq bölgənin əhalisinin düşdüyü ağır vəziyyətə molla rejiminin laqeydliyi və etinasızlığı belə qənaətə gəlməyə əsas verir ki, İran başbilənləri bölgəni boşaltmaq barədə düşünür. Bu, hakimiyyətin Güney Azərbaycanlılara ögey münasibətinin çoxsaylı göstəricilərindən növbətisi ola bilər. Çünki Ərdəbildə, Qəzvində, Qaradağdakı əvvəlki zəlzələlər zamanı belə laqeyidliyin şahidi olmuşuq. Bu isə onu göstərir ki, rejim ən adi humanistliyini də itirib.
- Baxış: 222