İslamda mübarək sayılan cümə günündə baş verən terror. Şəriətinin kökündə şər dayanan terror yuvası İranda Azərbaycan səfirliyinə ediləın silahlı basqın elə dövlətimizə qarşı edilən təcavüzdür. Axı islam adı altında pərdələnən bu maskası cırılmışlar öhtəlik götürmüşdülər - Vyana Konvensiyasına görə diplomatik nümayəndəliyin təhlükəsizliyini qorumaq öhdəliyi. Amma terrorla yoğrulan xamırları xislətlərini hər dəm biruzə verməkdən çəkindirmir bu mənfur Allahın lənətinə gəlmişləri. Görünən odur ki, bu dini dar olanların illərlə, vaxtaşırı reallaşdırdığı qanlı hadisələrin bir ssenarisidir.
Əli kalaşnikovlunun kimliyindən, dinindən, vətəndaşlığından, göndərilmə səbəbindən asılı olmayaraq Azərbaycan səfirliyinə təşkil edilən planlı silahlı hücum İranın ərazimizə və suverenliyimizə açıq, birbaşa müdaxiləsidir. Baş leytenant Orxan Əsgərov isə bu terror təcavüzünün ilk şəhididir. Bu hadisə bir daha terrorizm, terrorçuluğu dəstəkləyən rəsmi Tehranın üzdə mələk kimi görünməyə çalışsa da, əslində içindəki şeytanın çoxdan özünü büruzə verdiyini isbatladı. Əbəs yerə İran və terrorizmi bir sikkənin iki üzü adlandırmırlar. Çünki islam adına ləkə olan, dünyada terrorizm və ekstremizmin əsas ixracatçısı kimi tanınan molla respublikasının terror əməllərinin coğrafiyası Avropaya qədər gedib çıxıb. 1979-cu ildən hakimiyyətdə olan rejim ötən dövr ərzində bir sıra bölgələrdə müxtəlif səpkili terror əməllərinə imza atdığından ABŞ Dövlət Departamenti tərəfindən uzun illərdir “terrorçuluğun əsas sponsoru” adlandırılır.
Terrorizm Tehranın daxili və xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Öncə ölkə daxilinə nəzər salaq: hazırkı rejim hakimiyyətin siyasətindən narazı olan qüvvələr, ictimai fəallar, ziyalılara qarşı kəskin münasibəti ilə ad çıxarıb. Müxalif fikir sahibləri olan ölkə vətəndaşları terror əməliyyatları ilə aradan götürülüb. Belə şəxslərin sayı 1000-dən çoxdur. Hakimiyyətin terror siyasətindən, repressiyadan can qurtarıb xaricə üz tutan müxaliflər isə saysız-hesabsızdır. İndi isə xaricdə İranın terror siyasətinin nümunələrindən bəzilərinə diqqət yetirək: 1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanır. 1983 və 1984-cü illərdə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumları təşkil edilir. 1992-ci ildə Berlindəki Mikonos restoranında, 1994-cü ildə Buones-Ayresdəki Yəhudi mərkəzində, 1996-cı ildə Səudiyyə Ərəbistanının “əl-Xubər” qüllələrində partlayış törədilir. 2012-ci ildə Keniyada, 2015-ci ildə Bəhreyndə terrora cəhd edilir. 2018-ci ildə iranlı diplomat və 3 həmvətəni Fransada terror aktı hazırlamaqda şübhəli bilinərək Avstriyada həbs olunur. 2022-ci ildə Albaniya hökumətinin kompüter sistemlərinə kiber hücum edilir, Türkiyədə israilli turistlərə qarşı terror aktı planlaşdırılır. İranın Yaxın Şərqdəki analoji əməllərinin isə sayı-hesabı yoxdur. Molla rejiminin əli Ukraynanın dinc sakinlərinin də qanına bulaşıb.
Dünyanın 40-dan çox ölkəsində 360-dan artıq terror aktının altında imzası olan molla respublikası SEPAH-ın əli ilə qan tökür, “Həmas”, “Hizbullah”, “İslami Cihad”, “Əl-Qaidə” kimi təşkilatları qanadı altına sığdırıb. Heç şübhəsiz ki, səfirliyimizə Yasin Hüseynzadə adı altında soxulan da təlimatı SEPAH-dan alıb. Bu abırsızcasına baş verən qanlı hücuma məişət donu geyindirən azğınlaşmış rejimin “qırmızı xətt”ləri keçdiyini təsdiqləyir. Azərbaycan səfirliyinə amansız hücum qatil, terrorçu rejimin sonu olacaq. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası, Azərbaycan dövlətinə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur və bu amansız cinayətin cavabı cinayətkar, terrorçu, qadın düşməni, xain molla rejiminin dünyanın siyasi səhnəsindən silinməsi ilə verilməlidir.
- Baxış: 276