İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edən Misir Prezidenti Əbdülfəttah Əs-Sisi deyib. Dövlətimizin başçısı Azərbaycanla Misirin bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyini, bir-birini dəstəkləyəcəyini qeyd edib.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır.Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər. Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq. Biz, eyni zamanda, bu gün ticari-iqtisadi məsələləri geniş müzakirə etdik. Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın. Sahələr də müəyyən edilmişdir - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi. Burada da böyük imkanlar var.
Əbdülfəttah Əs-Sisi - Misir Ərəb Respublikasının Prezidenti: Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik. Müzakirələr zamanı Misirdə elektrik enerjisi istehsalı sahəsində həyata keçirilən islahatları, yaradılmış infrastrukturu bir daha qeyd etdim. Son doqquz il ərzində əldə edilmiş bütün təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğumuzu bildirdim. Görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq. Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim.
- Baxış: 245