• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 869
— 20.01.2023 19:41

Qanla yazılan şərəfli tarix

KepezTV Player

Xalqımızın azadlıq hərakatının ilk addımları, qan yaddaşımız sayılsa da qürur və fəxarət tariximiz 20 yanvar. Bəli, bu gün 1990-cı ildə əliyalın xalqın haqq səsini susdurmaq istəyənlərin, azadlığın toxumlarını cücərdənlərin səsini boğmaq istəyənlərin alınmayan qəddarlığından 33 il ötür. Qanla yazılan, lakin müstəqilliklə yekunlaşan o dövrə səyahət edəcəyik.

Xalqımızın başına açılan oyunlar kimi, 20 Yanvar da itkilərlə, günahsız insanların qətli ilə nəticələndi. Amma bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımızın mübarizə əzmini qirmadı. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilən 20 Yanvar həm də müzəffər xalq olaraq özünü təsdiqin şərəfli tarixidir.

Bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaldan dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Əslində bütün bunlar,bizim qələbəyə doğru attığımız ilk addımlar idi.Bu gün müstəqil Azərbaycanın arxasında qəlbi mübarizlik və vətənpərvərlik eşqi ilə dolu bir xalq durur.Bəli,biz fəxr edirik ki,Azərbaycanlıyıq.

Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa etməsi xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini bir daha nümayiş etdirdi. Eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi. Allah bütün Şəhidlərə rəhmət etsin.

Alimə Hüseynova