• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 15.01.2023 19:44

Sərbəst güləş üzrə açıq birincilik təşkil edilib

KepezTV Player

Gəncədə sərbəst güləş üzrə yeniyetmələr arasında açıq birincilik təşkil olunub. Yarış yerli olimpiya idman kompleksində keçirilib.

Birincilik həm Gəncədən olan Vətən müharibəsi şəhidləri Orxan Yusubov və Elvin Mustafayevin, həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Yarışın açılış mərasimində rəsmilər, şəhid valideynləri çıxış edərək belə birinciliklərin təşkil edilməsinin vətən uğrunda canını verən igidlərin tanıdılması baxımından müsbət hal olduğunu qeyd ediblər. Rəsmi hissədən sonra rəqs ansambları milli musiqi sədaları altında bacarıqlarını nümayiş etdiriblər, vətənpərvərlik ruhunda mahnılar səslənib, ritm qruplarının ifaları iştirakçılarda xoş ovqat yaradıb. Həmçinin pəhləvanlar nümunəvi çıxışlar ediblər. Açılış mərasiminin ardından yarışa start verilib. Açıq xarakterli birincilikdə Cavadxan yurdunun güləşçiləri ilə yanaşı, Bakı, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağstafa, Tovuz və Şəmkir idmançılar da qalib olmaq üçün xalça üzərinə çıxıblar.

Açıq birinciliyə ümumilikdə 200-ə yaxın güləşçi qatılıb. Baş tutan mübarizələrdə 2008-2010-cu il təvəllüdlü həm qız, həm də oğlanlar, eləcə də daha aşağı yaş qrupundan olan yeniyetmələr gücünü sınayıb. Böyüklər 11, kiçiklər isə 10 çəkidə qalibi müəyyənləşdiriblər.

Yarışın yekununda ilk üç yeri tutan güləşçilər medal və diplomla təltif ediliblər. Mükafatçılara təqdim olunan medalların üzərində xatirə əlaməti olaraq şəhid Orxan Yusubov və Elvin Mustafayevin şəkilləri əks edilib.