Xocavənddə orta əslərə aid müsəlman qəbiristanlığı aşkarlanıb. Bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu məlumat yayıb. Aşkar edilmiş insan qalıqları Xocavənd rayonunun Ərəkül - Xətai kəndinin şimalında, təbii təpəliklərin üzərində yerləşir. İnsan qalıqları Ərəkül kəndi ilə qonşu kəndləri əlaqələndirən torpaq yolun kənarlarında aşkar edilib. Skeletlərin ilkin müayinəsi zamanı, məzarlığın XIII-XV əsrlərə aid olduğu, dəfnin islam qaydalarına uyğun aparıldığı müəyyən edilib. Xocavənd rayonunun Ərəkül kəndi müxtəlif vaxtlarda Hərəkül, Qara Quzey, Arakel adları ilə tanınıb. Tarixi məlumatlara əsasən kənddə 1840-ci ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılıb.
- Baxış: 353