• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 09.01.2023 11:25

Eşitmə problemləri

KepezTV Player

Həyatı eşitmək “hiss etmək”, “var olmaq” deməkdir. Sevdiyin insanlarla ünsiyyətdə olmaq, təbiətin səslərini dinləmək, musiqidən zövq almaq, sözün həqiqi mənasında, yaşamağın ən bariz nümunəsidir.

Bu duyğunu insana bəxş edən qulaqlar bütün bu səslər içində 7000 fərqli siqnalı bir-birindən seçərək dünyaya səslərin rəngini və ahəngini qatır.

Belə olduqda eşitməmək də həyatın boz rəngli mənzərəsini izləməyə bənzəyir. Dünyanın səslərindən məhrum olmaq isə təəssüf ki, bəzi insanların reallığına çevrilir. Eşitmə problemləri yaşanır.

Bu problem adətən uzun illər ərzində yavaş-yavaş inkişaf edir və nəticələr tədricən özünü büruzə verir.  Buna görə də eşitmə azlığı olan şəxs problemi gec başa düşür.

Ancaq sözügedən pozuntunun formalaşmağa başladığını göstərən bir sıra əlamələtlər özünü ilk vaxtlardan göstərir. Eşitmə problemi olan şəxs üçün telefon danışıqlarını başa düşmək çətinləşir. Televizora baxarkən və ya musiqi dinləyərkən daha yüksək səslə qulaq asır. Həmsöhbətinin üzünü görmədən danışanda onu yaxşı eşidə bilmir. Bu kimi problemlər getdikcə adi hal almağa başlayır.

Statistikalar göstərir ki, əhalinin 10-15%-i,  xüsusən, yuxarı yaşlı insanlar  eşitmə pozulmasından əziyyət çəkir. Ağır eşitmə xəstəni müəyyən dərəcədə ətraf mühitdən təcrid edir, insanlarla ünsiyyət qabiliyyəti itir. 

Bu pozuntunu yaşayan əksər insanlara eşitmə cihazından istifadə etmək tövsiyə olunur. Buna baxmayaraq, insanlar üçün belə aparatlardan asılı qalmaq düşüncəsini qəbul etmək asan olmur. Beləliklə, onlar məsələnin həllini təxirə salırlar və yalnız böyük problemlər yaranan zaman məsələni həll etməyə çalışırlar.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, eşitmə azlığı problemi nə qədər tez həll edilsə, bir o qədər yaxşıdır. Eşitmə azlığı başlayarkən eşitmə cihazlarından istifadə fasilə olmadan səs impulslarının beyinə tam ötürülməsini təmin edir. Proses təxirə salındıqca, beyin ətraf aləmin səslərini unudur və eşitmə cihazlarına uyğunlaşmaq çətinləşir. Hətta belə olduqda insanda qocalma prosesi sürətlənir. Ən əsası da həyatın ən gözəl anları eşidilmədən yaşanır.

İnsanı dünyanın gözəl səslərindən məhrum edən eşitmə problemlərinin yaranması isə çox vaxt güclü dərman vasitələrinin düzgün istifadə edilməməsi, yüksək səs-küylü yerlərdə olmaq, genetik ötürülən xəstəliklər və ya anadangəlmə qüsurlar, baş və ya qulaq zədələri, yaş dəyişiklikləri kimi amillərlə əlaqəli olur.

Qeyd olunan simptomları yaşayan qəhrəmanımız isə öz hekayəsi ilə bizi eşitmə probleminin inkişaf prosesi barədə tam məlumatlı və xəbərdar edəcək.

 

Aysel Abbasova