Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə sədrlər, sədr müavinləri və hakimlər təyin olunub. Teyyub Muxtarov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini, Rafiq Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Vüqar Məmmədov isə Gəncə Hərbi Məhkəməsinin sədri təyin edilib. Gündüz Şirinov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub. Qafil Baxşıyev Tovuz Rayon Məhkəməsinin sədri vəzifəsinə təyinat alıb.
Dövlət başçısının digər sərəncamı məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslər təltif ediliblər. Nağıyev İman Məmməd oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Abbasov İlqar Eyvaz oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Prezident İlham Əliyev həmçinin, Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında fərman imzalayıb. Qərar DTX-nin beynəlxalq təşkilatlarla və xarici ölkələrin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə verilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək. Bu, Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.
- Baxış: 350