• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 26.12.2022 20:06

İranda etirazların 100-cü günü

KepezTV Player

İranda molla rejimi əleyhinə keçirilən aksiyaların 100-cü günü arxada qalır. Bu müddət ərzində molla respublikasında yaşayan müxtəlif xalqlar, xüsusilə güney azərbaycanlılar çox ağır sınaqdan çıxıblar. Etirazçılara qarşı qəddarlıq, kütləvi həbslər, işgəncələr, edamlar... Lakin rejim nə qədər qansız olsa da, etirazçıların müqavimət ruhunu sındıra bilməyib.
İranda sentyabrın 17-dən başlayan aksiyalar nəticəsində indiyədək azı 506 etirazçı öldürülüb. Onların ən azı 69 nəfəri azyaşlıdır. Repressiv qüvvələr 652-si tələbə olmaqla ən azı 18 457 etirazçını həbs edib. Lakin bu rəqəmlər dəqiq göstəricilər deyil. Molla rejimi beynəlxalq ictimaiyyətin təzyiqlərindən çəkinərək ölüm hallarını, eləcə də həbslərin sayını mümkün qədər az göstərməyə çalışır. Qəddar rejim dekabr ayından etirazlara görə saxlanılanların edamına da başlayıb.
Etirazlar davam etdikcə İran iqtisadiyyatı da çökür, milli valyuta dəyər itirməkdə davam edir. Aksiyalar ölkənin demək olar ki, bütün bölgələrində keçirilir. Güney Azərbaycan şəhərlərində isə daha böyük aktivlik müşahidə olunur. Soydaşlarımızın istəyi “Azadlıq, ədalət, milli hökumət”dir.
Beynəlxalq müşahidəçilərin qənaətinə görə, 2023-cü ildə İran hakimiyyəti dərinləşən daxili böhranla üzləşəcək. Gələn il molla respublikasını daha çox etirazlara səbəb olacaq inqilabi proseslər gözləyir. Ekspertlərin fikrincə, hakimiyyət repressiyaları ikiqat artıracaq. Belə bir şəraitdə təkcə nümayişlər deyil, polislə toqquşmalar fonunda qadın hüquqları uğrunda mitinqlər və iğtişaşlar da davam edəcək. Eyni zamanda, bu vəziyyətin Qərb dövlətlərinə Tehrana təzyiqləri artırmağa imkan verəcəyi qeyd olunur.