• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 25.12.2022 20:30

Laçın-Xankəndi yolunda ekoloji aksiya davam edir

KepezTV Player

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc ekoloji aksiya davam edir. Aksiya fəalları plakat qaldırıb, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “kimi şüarlar səsləndiriblər. Eyni zamanda iştirakçılar Azərbaycanın ən qədim milli rəqsi olan "Yallı" oynayıblar ki, bu da maraqla qarşılanıb. Aksiyaçılar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildiriblər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on dörd gündür davam edir.

Bu arada, bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 3 avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Nəqliyyat vasitələri Xankəndindən Laçın istiqamətinə maneəsiz şəkildə gediblər.Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə də aparılıb. Komitəyə məxsus daha 3 avtomobilin Laçından Xankəndi istiqamətinə hərəkətinə də şərait yaradılıb.

Bundan başqa, iki dəfə Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.