Vaxt var idi Azərbaycanda ailə həyatı quran gənclər əcnəbilərlə nikaha soyuq yanaşırdılar. Son illər isə bu baxımdan rəqəmlərdə xeyli artım var. Bir çox insanlar “xaricdə təhsil, müalicə, tətil...” deyərkən, artıq xoşbəxt ailənin sirrini də xarici vətəndaşla evlənməkdə görürlər.
Çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınırdı, qızlarımız isə ümumiyyətlə beynəlmiləl ailə qurmurdurlar. Amma indi beynəlmiləl ailə qurmağa 20-30 il öncəki kimi yanaşılmır.
Əvvəllər xarici vətəndaşlarla ailə quran xanımlar arasında daha çox jurnalistlərə rast gəlinirdi. Sonra araşdırmalardan məlum oldu ki, xarici vətəndaşlarla ailə quran azərbaycanlılar təkcə jurnalistlər deyil, hətta digər təbəqədən olan oğlanlar və qızlar daha çox üstünlük təşkil edirlər. Əcnəbi və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlı qızlar, oğlanlardan bir neçə dəfə çoxdur.
Görək,bəs şəhər sakinlərinin əcnəbi nigahlarla bağlı fikirləri necədir.
Rəsmi statistika göstərir ki, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 792 nikah bağlanıb. Bu göstərici ötən ilin müvafiq dövründə 733 olub.
Nigah bağlayan 792 Azərbaycan vətəndaşından 640 nəfəri xanımlardır.
Araşdırmalara görə, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar.
Mütəxəsislər azərbaycanlıların əcnəbilərlə ailə qurmasını müxtəlif səbəblərlə bağlayırlar: “Adətən bir çox insan fikirləşir ki, əgər onun yaşadığı ölkədə problemi varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Və ya avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Avropada yaşamağın yaxşı tərəfləri ilə bərqabər pis yönləri də var. İlk növbədə müxtəlif mədəniyyətlə rastlaşa bilərsən. Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Qərbdə bu məsələyə başqa cür yanaşırlar. Yəni, bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər”.
Milli mentalitetin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimiz bu gün yavaş-yavaş dəyişikliyə uğrayır. Görünür, mövcud siyasi, iqtisadi, mədəni və sosial durum digər xalqlar kimi azərbaycanlılardan da təsirsiz ötüşməyib.
- Baxış: 458