• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1829
— 13.12.2022 20:31

Azərbaycanlıların qətiyyəti, Volkovun bəlli niyyəti

KepezTV Player

Azərbaycanlı eko-fəallar, QHT təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələrinin, gənclərin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Məqsəd isə dəqiq və aydındır: Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində ekoloji terror dayandırılmalıdır! Aksiyaçılar sülhməramlıların komandanı Andrey Volkovla şəxsən görüşərək tələblərini ona çatdırmaq istəsələr də, general hələ də azərbaycanlı etirazçıların qarşısına çıxmaq cəsarətini özündə tapmayıb.

Milli sərvətlərinin talanmasına haqlı şəkildə etiraz edən azərbaycanlılar qışın soyuğuna, şaxtasına baxmayaraq artıq ikinci sutkadır ki, Şuşa-Xankəndi yolundadırlar. Silahlı rus sülhməramlılarla üz-üzə, göz-gözə dayanıb, separatçıların Azərbaycan ərazilərində at oynatmaqlarına imkan verməyəcəklərini bəyan edirlər. Etirazçıların sülhməramlıların komandanı Andrey Volkovla şəxsən görüşmək istəyi isə nəticəsiz qalıb. Əvəzində ərazidə sülhməramlılar üçün mobil kazarmalar quraşdırılıb. Bu da onu göstərir ki, Volkov azərbaycanlıların haqlı etirazını dinləmək cürətinə malik deyil. Aksiyanın isə tezliklə bitməyəcəyini proqnozlaşdırıb kontingeti üçün mobil şərait yaradır. Bəli, əslində aksiyanın bu qədər uzanmasının, humanitar məqsədli Laçın dəhlizinin bu qədər bağlı qalmasının yeganə səbəbi məhz sülhməramlılardır. Halbu ki, sülhməramlıların vəzifəsi məsuliyyət daşıdıqları zonada mürəkkəb situasiyaların aradan qaldırılması, tərəflər arasında anlaşılmazlığın həll edilməsidir. Baş verənlər göstərir ki, Qarabağa göndərilən rus sülhməramlılar separatçılara qanad açmağı özlərinə vəzifə bilirlər.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin faydalı qazıntı yataqlarımızı qanunsuz istismar etməsinə dair faktlar bir müddətdir ki, aşkara çıxarılıb. Məsələ ilə bağlı Azərbaycanın üç qurumu – Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “Azərgold” qapalı səhmdar cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb. Qrup “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarının yerində araşdırılması məqsədilə ərazidə monitorinq aparmaq istəsə, məsələ sülhməramlılarla razılaşdırılsa da, onlarla əlbir olan separatçılar buna mane olublar. Əslində sülhməramlılar istəsəydilər, bu mülki monitorinq problemsiz şəkildə həyata keçirilərdi. Çünki hamıya yaxşı məlumdur ki, rusların sözündən çıxmaq ermənilərin başlarına görə deyil. Deməli, vəziyyətin gərginləşməsində elə sülhməramlılar özləri maraqlı olublar. Ona görə də, Azərbaycanın dövlət rəsmiləri ilə Azərbaycan ərazilərində yaşayan erməniləri üz-üzə gətirdilər. Nəticə nə oldu? Monitorinq baş tutmadı, azərbaycanlılar da bununla barışmadılar. Azərbaycanın suveren ərazilərində separatçıların təbii sərvətlərimizi çapıb-talamalarına necə biganə yanaşmaq olardı ki?

İran vətəndaşlarından ibarət 27 nəfərlik iki qrup sülhməramlıların postundan keçərək Qarabağa səfər edir, elə həmin sülhməramlıların gözü qarşısında İrandan ermənilərə silah daşınır, Azərbaycan ərazilərindəki filiz yataqlarının qanunsuz istismar edilərək sərvətlərinin daşındığı üzə çıxır, öz ərazimizdə azərbaycanlı jurnalistlərin fəaliyyətinə maneə törədilir, Azərbaycanın mülki monitorinq qrupunun missiyasını yerinə yetirməsinə imkan verilmir, azərbaycanlı etirazçıların tələbləri dinlənilmir. Bütün bunlar Rusiya sülhməramlılarının Azərbaycana qarşı qərəzi deyil, bəs nədir?