• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 09.12.2022 11:27

Oyunlar,cizgi filmləri,uşaq kitabları və oyuncaqların uşaq psixologiyası üzərindəki təsirləri

KepezTV Player

Bir ailənin sevinci, xoşbətliyi uşaqdır. Uşaqlarsız nəinki ailəni, heç dünyanı belə təsəvvür etmək olmaz. Onlarla vaxt keçirəndə bütün yorğunluqlarımız keçir. Amma bəzən analar övladlarının sakit oturmasına görə cizgi filmlərinə yönləndirirlər. Mütəxəssislər müasir uşaqların izlədikləri cizgi filmlərinin onların psixologiyasında dərin və zərərli iz buraxdığını söyləyirlər. Halbuki, cizgi filmlər uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hamısına aid edilə bilməz. Təəssüf ki, qanlı, döyüşlü-davalı cizgi filmlər uşaq psixologiyasına olduqca böyük zərər verir. Bir çox ölkələrdə uşaqların inkişafı, doğma dilini sərbəst mənimsəməsi üçün kifayət qədər məzmunlu və ibratamiz hekayələr, nağıllar üzərində çəkilən cizgi filmləri var. Uşaqlar türk və rus dillərində cizgi filmi izlədikcə, başqa ölkənin mental düşüncələrini və dilini mənimsəyirlər. Bu isə uşağın inkişaf mərhələsində doğru addım hesab olunmur. Fikirlərimizi dəstəkləyən Vüsalə xanım da qeyd edir ki,övladı başqa dillərdə cizgi filmləri izlədiyindən artıq danışığında bir çox problemlər yaranıb....

Bir ata və ananın övladına verə biləcəyi ən böyük hədiyyələrdən biri də kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə belə onlara mütaliə etmək, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır.Mütəxəssislərin fikrincə, övladımızın vücudunu bəsləyəcək qidalar seçdiyimiz kimi, ağlını, ruhunu, qabiliyyətlərini bəsləyəcək kitablarda da seçici olmalıdır.Uşaqkən oxunan kitabların təsiri çox güclü olur və ömür boyu silinmir. Düzdür, balacalar kitabı cizgi filmlər qədər sevməsələr də onlara kitabı sevdirmək valideynlərin və müəllimlərin öhdəsinə düşür. Sevindirici haldır ki, bu gün heç kimin kitab tapmamaq kimi bir çətinliyi yoxdur. Artıq uşaq ədəbiyyat nümunələri bütün kitab mağazalarında var. Bu zaman belə bir sual yaranır: valideynlər övladlarına kitab alırlar?

Bu gün oyuncaq mağazalarında həddindən çox oyuncaqlar, cizgi film qəhrəmanlarının heykəlcikləri, gəlinciklər, arabalar mövcuddur. Hər bir oyuncaq məqsədli alınmalı, körpəni əyləndirməlidir.Oyuncaq seçərkən mütləq uşağın inkişaf səviyyəsini və yaşını nəzərə almaq lazımdır. Ömrünün ilk ilində oyuncaq uşağın davranışı, müşahidəsi, dinləməsi, əl hərəkətlərinin inkişafına kömək edir. Həmçinin, oyuncaq, rəngləri fərqləndirməyi, əşyaların formasını və materialını müəyyən etməyi, uşağın nitqinin formalaşmasına kömək edir. Bəzən analar narazılıq edir ki, övladının oyuncaqlara marağı yoxdur. Nə qədər oyuncaq alsaq da, 1 saatdan sonra kənara atır və ya qırır. Paltar sancaqları, tavayla və bu kimi əşyalarla oynayır. Bu hal əksər analar üçün bir problemdir. Buna səbəb isə uşağın oyuncağının çox olmasıdır? Uşaq oyuncağa dostu kimi baxmır? Bəlkə biz övladlarımıza düzgün oyuncaq seçmirik? Bu sualları elə şəhər əhalisinə də verdik, maraqlı cavablar aldıq.

Ləman Sultanlı