• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 07.12.2022 12:48

Abşeronda iki qrup arasında silahlı insident olub, saxlanılanlar var

KepezTV Player

Abşeronda iki qrup arasında silahlı insident olub. Belə ki, bir neçə gün əvvəl Xırdalan şəhəri ərazisində odlu silahdan atəş açılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilib ki, Xırdalan şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədi ilə Xırdalanda Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb. Daha sonra Səlcuq Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb. Polisin həyata keçirdiyi əməliyyat nəticəsində odlu silahdan istifadə edən Səlcuq Osmanlı, həmçinin Məmmədhüseyn Qurbanov, mübahisənin digər iştirakçıları Tural Qurbanzadə və Səbuhi Əliyev saxlanılıblar. Səlcuq Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 1 ədəd daraq aşkar edilib. Bundan əlavə, hadisə yerindən 7 ədəd boş giliz də götürülərək ekspertizaya təqdim edilib.

Osmanlıdan aşkar edilən “Makarov” markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.