Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri ənənəvi xarakter daşısa da, bu dəfəki təlimlər fərqli şəraitdə reallaşır. Ölkəmizə qarşı qərəzli siyasət yürüdən İran yenidən vəziyyəti gərginləşdirən addımlar atdı. Zəngəzur dəhlizinin açılmasına ciddi cəhdlə qarşı çıxdı, guya Ermənistanın təhlükəsizliyindən bərk narahat oldu, əslində isə məqsəd aparılan sülh danışıqlarına zərbə vurmaq idi, qoşunlarını Arazın kənarına yığıb öz aləmində Azərbaycana güc nümayiş etdirdi. Belə bir vəziyyətdə Bakı ölkənin cənub sərhədlərində Türkiyə Silahlı Qüvvələri ilə birgə genişmiqyaslı təlimlər keçirməklə göstərdi ki, nə İranın təhdidlərindən, hədələrindən, nə də ordusundan qorxur. Molla respublikasından gələ biləcək istənilən təhdidə adekvat cavab vermək iqtidarındadır.
İlham Əliyev - Azərbaycan Prezidenti: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür”.
Azərbaycan və Türkiyə bütün çətin zamanlarda, elə xoş günlərdə də daim bir-birinin yanında olub. Bu gün iki ölkənin sarsılmaz birliyi bütün dünya üçün bir nümunədir. Bu birliyin təməlində isə ortaq tarixi köklər, milli maraqlar, səmimi dost, qardaş münasibəti dayanır.
Iki ölkənin silahlı qüvvələrinin birgə təlimləri də Azərbaycan-Türkiyə birliyinin növbəti nümunəsidir. Təlimlərin adı da özündə böyük məna daşıyır – “Qardaş yumruğu”. Türkiyə və Azərbaycan dostu birgə dost görür, düşməni də birgə düşmən. Təlimləri izləyən türkiyəli nazir Hulusi Akarın dediyi kimi. Türkiyə və Azərbaycana qarşı təxribatlar haradan, kimdən gəlməsindən asılı olmayaraq, hər iki tərəfə istiqamətlənmiş kimi qəbul edilir. Odur ki, “Qardaş yumruğu” təlimləri bizi istəməyən qüvvələrə ən gözəl cavabdır.
- Baxış: 444