• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 28.11.2022 20:11

Mollakratiyanın son akkordları

İran rəsmiləri Azərbaycana qarşı qeyri-adekvat davranışlarının cavabını layiqincə aldılar. Tehran indi də qul-beçələrini meydana çıxarıb. İran hökumətinə bağlı təhlilçilər özlərinə yaraşan şəkildə anti-Azərbaycan fəaliyyəti aparırlar. SEPAH-ın mediası isə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dil uzadır.
Tehranın bütün dövrlərdə bizə qarşı qeyri-dost, qeyri-səmimi münasibəti hər bir azərbaycanlıya yaxşı məlumdur. Buna baxmayaraq, Bakı hər zaman öz prinsiplərinə sadiq qalaraq İranla da yaxşı qonşuluq siyasətini davam etdirib, iki ölkə arasında əlaqələrin inkişafına çalışıb. Hətta Vətən müharibəsindən sonra regionda sülhün və sabitliyin təmin olunmasında İranın da iştirakını təklif edib. 
İranın Azərbaycanda sabitliyi pozmaq, ölkədə qarışıqlıq yaratmaq, vəziyyəti gərginləşdirmək planları, bunun üçün Azərbaycanda təxribat maşınlı formalaşdırmaq cəhdləri sirr deyil. Azərbaycanın təhlükəsizlik orqanlarının ayıq-sayıqlığı nəticəsində bu çirkin niyyətlərin qarşısı vaxtında alınıb. Necə deyərlər, gen qaz, dərin qaz, özün düşərsən. Bu gün İran hakimiyyəti öz qazdığı quyunun içərisindədir. Fars rejimindən üz çevirənlərin sayı gündən-günə artmaqdadır. Onların sırasına mollaların ən yaxınları da daxildirlər. Ölkənin dini rəhbəri Xameneyinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani dünya ictimaiyyətini qatil rejimə təzyiq göstərməyə, ölkələri Tehranla bütün əlaqələri kəsməyə çağırıb. Bu gün İranda xalqların illərdir yığılan kin-küdurəti molla rejiminin sonunu gətirmək üzrədir.
Qəlbən bütöv olduğumuz Cənubi Azərbaycan üçün aydın səma görünür. Həbslərə, işgəncələrə, ayətullahların bütün qəddarlıqlarına baxmayaraq bu gün İranda güneyli soydaşlarımızın azadlıq uğrunda mübarizəsi davam edir. Bu gün bizim də ürəyimiz Təbrizdə, Ərdəbildə, Urmiyada, Zəncanda, Xoyda döyünür. Arazın şimalında yaşayan hər kəs güneyli soydaşlarımızı dəstəkləyir. Gənclərindən tutmuş dövlət başçısına qədər.