“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində Şamaxının qonağı olacaq. Kubokda mərhələ adlamaqla azarkeşlərini sevindirən Gəncə kollektivi səfərə də yaxşı nəticə üçün yollanacaq. Qarşıdakı görüş, komandanın vəziyyəti və qış transfer pəncərəsində heyətə cəlb olunacaq oyunçularla bağlı baş məşqçi Tərlan Əhmədov suallarımızı cavablandırıb.
Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan “Kəpəz” Şamaxı ilə qarşılaşmada qalib gələrək mövqeyini yaxşılaşdırmaq niyyətindədir. Bu komandalar arasında ilk dövrədə keçirilən oyunda stadion problemi səbəbindən rəqibini Qəbələdə qəbul edən sarı-göylər çempionatda ilk qələbəsini qazanıb. Eyni gücə malik tərəflərin duelində bu dəfə qonaq qismində yer alacaq dağlılar görüşə daha motivasiyalı çıxacaq. Çünki kubok qarşılaşmasında Gəncə kollektivi növbəti mərhələyə adlayıbsa, Şamaxı məğlub olaraq turnirdən kənarda qalıb.
Sarı-göylər sıx qrafikdə oynayacaq
İlin sonunadək qərb klubunu sıx oyun qrafiki gözləyir. 2 kubok və 4 çempionat qarşılaşmasına çıxacaq “Kəpəz”in məşqçilər korpusunu komandadakı itkilər çox düşündürür.
Təcrübəli mütəxəssis qış transfer pəncərəsində heyətə cəlb ediləcək oyunçulardan da danışıb. Çalışdırıcı transferdə üstünlüyü hücum xəttinə verəcəklərini bildirib.
Şamaxı – Kəpəz oyunu noyabrın 28-də keçiriləcək. Qarşılaşma saat 14-də başlayacaq.
- Baxış: 433