• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 19.11.2022 20:35

Ana dilindən və doğma adından məhrum həmyerlilərimiz

KepezTV Player

İranda insan haqları ilə bağlı vəziyyət dözülməz həddədir. Molla rejimi nə islam qaydaları tanıyır, nə də hüquq. Əhalinin Tehranın ən çox ögey münasibət göstərdiyi hissəsi – azərbaycanlılar isə bu baxımdan ikiqat əziyyət çəkirlər. Molla Respublikasının türk fobiyasından danışacağıq.

İranda xüsusən güney azərbaycanlıların yaşadıqları ərazilərdə fundamental hüquq və azadlıqlar ən kobud şəkildə pozulur. Soydaşlarımıza qarşı etnik təzyiqlər günü-gündən artır. Şovinist fars rejiminin assimlyasiya siyasəti cənubi azərbaycanlıları çox çətinliklərlə üz-üzə qoyur. İranın türk fobiyası özünü bir çox məsələlərdə göstərir. Bu ölkədə azərbaycanlılar övladlarına türk adları belə qoya bilmirlər. Molla rejimi hər vəchlə güneyli soydaşlarımızın farslaşdırılmasına çalışır.

Tehranın bu siyasətinin arxasında cənubi azərbaycanlılara milli kimliklərini unutdurmaq məqsədi dayanır. Bu, assimilyasiya siyasətinin bir hissəsidir. Türk deyil, fars adı daşıyan kəsləri 20 il, 30 il sonra türk deyil, fars olduqlarına inandırmaq daha asan olacaq. İranda bu proses təkcə şəxs adları ilə məhdudlaşmır. Azərbaycanlıların tarixi yer adları da farslaşdırılır. Azərbaycan şəhərlərinin idarəçiliyi belə, digər millətlərdən olanlara tapşırılır. Əhalinin tərkibi qəsdən dəyişdirilir.

Azərbaycan dili İranda ən çox təhlükədə olan dildir. Rejimin sərt reaksiyasına baxmayaraq, cənublu soydaşlarımız hər zaman milli kimlik, ana dili uğrunda mübarizə aparıblar. Milli fəallar böyük təzyiqlərə məruz qalıblar - Həbslər, işğəncələr, sürgünlər və s. Öz təbii hüquqlarını, azadlıqlarını tələb edən güney azərbaycanlıların bir qismi günü bu gün də ailələrindən, doğmalarından ayrı düşüb mühacir həyatı yaşamaq məcburiyyətində qalıblar.

O zaman ki, adını və dilini itirirsən, onda artıq yox olursan. Bizdən ayrı düşən güneyli soydaşlarımız illərdir var olmaq, var qalmaq yolunda mübarizədədirlər. Biz quzeylilərin də borcu hər addımda onların yanında olmaqdır. Prezident İlham Əliyevin Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərin davam etdiriləcəyini vurğulaması bu məsələnin Azərbaycanda ən ali səviyyədə diqqətdə saxlanıldığını göstərir.