• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 15.11.2022 20:55

Prezidentlərin təkbətək görüşü olub

KepezTV Player

Prezident İlham Əliyev Albaniyada dövlət səfərindədir. Dövlət başçısının albaniyalı həmkarı Bayram Beqay ilə təkbətək görüşü olub.

Görüş başa çatdıqdan sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.Albaniya Prezidenti Bayram Beqay ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verdiyini deyib. Prezident İlham Əliyev səfərin Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcəyini bildirib. Təkbətək görüşdə bir çox məsələləri müzakirə etdiklərini və gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu vurğulayıb.

İlham Əliyev Azərbaycan Prezident: Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq.

O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.

Prezident İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edib. Dövlət başçısı abidənin önünə əklil qoyub.

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.