Sərbəst güləş üzrə Qazaxıstan milli komandası Gəncədə təlim-məşq toplanışındadı. Mərkəzi Asiyalılar artıq bu il ərzində ikinci dəfədir ki, Nizami yurdunda hazırlıq keçirlər.
Qazaxıstanlı güləşçilər 1 həftəyə yaxındır ki, Gəncədədirlər. Gəncə İdman liseyindəki məşqlərdə bu ölkənin yeniyetmə və gənclərdən ibarət yığmasının 12 güləşçisi iştirak edir. Qazaxıstan seçməsi ilə birgə yeniyetmələrdən ibarət Azərbaycan yığmasının müxtəlif bölgələrdən olan güləşçiləri də qarşıdan gələn yarışlar üçün məşq keçirlər. Qonaqlar Qazaxıstan çempionatına, yerli güləşçilər isə ölkə birinciliyinə hazırlaşırlar. Toplanışda əsasən taktiki-texniki məşqlərə üstünlük verilir. Hazırlıq ölkələr arasındakı güləş əlaqələrini genişləndirmək və təcrübə qazanmaq baxımından vacib əhəmiyyət kəsb edir.
Qazaxıstan millisinin heyətindəki güləşçilərin əksəriyyəti ayrı-ayrı yüksək səviyyəli yarışların qalib və mükafatçılarıdı. Onlar arasında dünya, Avropa və Qazaxıstan birinciliklərinin çempionları üstünlük təşkil edir.
Bu Qazaxıstan millisinin Gəncəyə 5-ci səfəridir. Məşqçilərin fikrincə, Mərkəzi Asiya güləşçiləri ilə birlikdə hazırlıq keçmək yerli idmançılara müsbət təsir edəcək.
Qazaxıstan komandası 2 həftəyə yaxın Gəncədə hazırlıq keçəcək. Bu cür toplanışların gələn ilin üçün də həm ölkəmizdə, həm də Qazaxıstanda təşkil edilməsi planlaşdırılır.
- Baxış: 520