• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 06.11.2022 20:13

Etiraz aksiyaları səngimir

KepezTV Player

İranda etirazlar səngimir. Bütün ölkəni bürüyən aksiyalarda etirazçılar molla rejiminə qarşı şüarlar səsləndirir, mövcud idarəçilik üsulundan bezdiklərini dilə gətirirlər. Aksiyalar təhlükəsizlik qüvvələri, polislərlə toqquşmalarsız da keçinmir. Yola saldığımız həftə ərzində Arazın o tayında baş verən hadisələrə nəzər salacağıq.

Molla respublikasında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlanan etirazları boğmaq cəhdləri nəticəsiz qalır. Marağa şəhərində Xameneyi və Qasım Süleymaninin şəkilləri olan banerlər yandırılıb. Tehran Universitetinin etiraz edən tələbələrinə isə gözyaşardıcı qazla hücum edilib və silahla atəş açılıb. 

Şəhərdə Əmir Kəbir, eləcə də Elm və Texnologiya universitetlərinin tələbələri həbslərə, təhsil müəssisələrinə ​​giriş qadağasına, gənclərin universitetdən qovulmasına etiraz olaraq nümayiş keçiriblər. Babul Noşirevani Universitetinin tələbələri 2 gəncin həbsinin davam etməsinə, 17-nin isə intizam cəzasına məruz qalmasına qarşı çıxıblar. Tehranın Baqeri qəsəbəsində qəzəbli kütlə elmi-dini təhsil mərkəzinə "Molotov kokteyli" ataraq od vurub. Təbriz şəhərində isə etirazçılar müxtəlif şüarlar səsləndiriblər. Yeniyetmə qızın Xomeyninin şəklini kitabından qopardığı üçün öldürüldüyü, bir müddət öncə parlamentin qanun layihəsini tənqid etmiş genetika professorunun isə hökumət qüvvələri tərəfindən oğurlandığı da açıqlanıb.

Sakkız şəhərində mağaza sahibləri etirazlara dəstək üçün tətil elan edərək obyektləri bir günlük bağlayıblar. Sənəndəc şəhərindən də görüntülər yayılıb. Kadrlarda ümumxalq aksiyalarının davam etdiyi, qəzəbli etirazçıların “Ölüm olsun Xameneiyə!” şüarı səsləndirdikləri görünüb. Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilən terror aktını isə SEPAH-ın xüsusi təyinatlı “Qüds” qanadının zabiti Səid Hənifənin törətdiyi deyilib. Məqsədin isə etirazçıları qorxutmaq olduğu açıqlanıb.