Futbol Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib. İlk Oyun günündə “Kəpəz” doğma azarkeşləri qarşısında “Səbail”i böyük hesabla məğlub edib.
Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların dueli qarşılıqlı hücumlarla başlayıb. Qol vurmaq üçün daha istəkli görünən meydan sahiblərindən Abdullahi Şuaybu ilk yarım saatın tamamında hesabı açmaq istəsə də, rəqib qapıçı buna mane olub. Ardınca qonaqların qurduğu təhlükəli hücumda sarı-göylərin qolkiperi Orxan Sadıqlı qola izin verməyib. Gəncəlilər istəklərinə 36-cı dəqiqə çatıblar. Şuaybu əvvəlcə qapıçı ilə təkbətək mübarizədən məğlub ayrılsa da, hücumun davamında həmyerlisi Ahmed Ayzayanın ötürməsini nigeriyalı qola çevirib. Vurduğu qoldan sonra fəallaşan dağlılar hesabı artırmağa yaxın olsalar da, gürcü oyunçu Mate Kvirkviyanın qarşısı kobudluqla alınıb. Hakim əvvəlcə Səabilin oyunçusu Nihad Qurbanlını hərəkətini sarı vərəqə ilə cəzalandırsa da, VAR-a baxdıqdan sonra futbolçunu meydandan qovub. Azlıqda qalsalar da, bakılılar fasiləyədək qapılarından başqa top buraxmayıblar. İkinci hissədə say üstünlüyündən istifadə edən Nizami yurdunun təmsilçisi oyunu tamamilə ələ alıb. 66-cı dəqiqədə ev sahibləri azarkeşlərini ikinci dəfə sevindiriblər. İlk qolun müəllifi Şuaybu dubl edib. Afrikalı qol sevincini özünəməxsus şəkildə rəqs etməklə qeyd edib. Qola doymayan “Kəpəz” 84-cü dəqiqədə növbəti dəfə rəqib qapısına yol tapıb. Fərid Nəbiyev fərqlənərək komandasının 3-cü qoluna imza atıb. Bu qol həm də qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib. “Kəpəz” 3 “Səbail” 0. Bununla da sarı-göylər cari mövsüm Gəncədə ilk qələbə sevincini yaşayıb.
- Baxış: 491