• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1890
— 25.10.2022 20:01

İranın "müsəlman qardaşlığı"

KepezTV Player

Var qan qardaşlığı, var can qardaşlığı, var din qardaşlığı. Biz ilkindən yarımışıq. Qan-can qardaşımız hər məqamda yanımızda olub, bizi arxalı-dayaqlı hiss etdirib. Amma təəssüf ki, din qardaşımız haqqında belə ürəklə danışa bilmirik. Həm də o din qardaşımız ki, 50 milyon canımızı etibar etmişik.

Bu ilin fevralından bəri Dünya çox dəyişib. Əslində dünya hələ 30 il əvvəl ermənilər dağlı –aranlı Qarabağı işğal edəndə və dünya ictimaiyyəti buna susanda dəyişmişdi. 30 il həmişə biz danışdıq, Dünya susdu. Sonra biz Dünyanın danışmayacağını anlayaraq lazım olanı etdik. Bizi dəstəkləyənlər də oldu, təbrik edənlər də, üz də təbrik edib arxamızda danışanlar da. Hələ də var..Elə qonşumuz İran kimi..30 il şimal sərhədlərinin bir hissəsinin işğal altında olmasına göz yuman Tehran sərhəd Azərbaycanın nəzarətinə keçdikdən sonra bərk narahat olmağa başladı.  Hələ müharibənin şiddətlə davam etdiyi günlərdə belə Azərbaycanda “muzdlu əcnəbi döyüşçülərin” vuruşduğuni iddia edən ölkələrin sıralaması da eyni idi: Ermənistan, Fransa və “müsəlman qardaşımız” Iran. Azərbaycan prezidenti müharibə günlərində xeyli sayda müsahibələr verirdi. Okeanın o tayından, bu tayından, dost da düşmən də məsələnin nə yerdə olduğunu bilmək üçün bura müxbirlərini göndərirdi. Amma İrandan bir jurnalisti görmədik. Gördük amma müharibə bitəndən sonra və onun da verdiyi sualı, eləcə də Prezidentin ona verdiyi cavabı yəqin ki, hamı xatırlayır...

Bu jurnalist sualı deyildi. Bu əvvəlcədən hazırlanmış, təxribatçı sual idi. Sual da deyildi. Mövqe idi. Bir başqa misal. Prezidentin ADA Universitetinin təşkilatçılığı ilə dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə keçirdiyi görüşdə iranlı diplomatla dialoqunu da unutmamışıq.

İndi isə İran artıq üstümüzə qoşun çəkir. Təlim üçün də elə yer seçib ki, açılan atəş, verilən əmrləri biz də eşidək. Əslində Tehran özü də dərk etmədən bizi cənubi Azərbaycana qaytarır. Qorxur və buna da əsası var. Müharibə günlərində cənublu soydaşlarmızın hayqırtısını necə unutmamısız ki?!

Azərbaycanın rəsmən ikiyə ayrılmasının 200.cü ildönümünə beş il vaxt qalır. Bəşər tarixi üçün 5 saat  5 dəqiqədir. Amma  200 ildir ki, taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş bizlər üçün də lazımi vaxt gələcək!