• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 23.10.2022 19:55

Mingəçevir Reqatasında yığmamız 26 medal qazanıb

KepezTV Player

Avarçəkmə üzrə “Mingəçevir Reqatası” başa çatıb. Son yarış günü 8 dəst medal sahibinə qovuşub.

Suqovuşanda start verilən yarışın sonuncu günü Mingəçevirdə reallaşıb. 150-dək idmançının qatıldığı yarışın bağlanış günü 8 kateqariyada yürüşlər keçirilib. İdmançılar 1 və 2 nəfərlik kayak qayığında 500, 1 və 2 nəfərlik akademik avarçəkmədə 500 və1000, 1 nəfərlik kanoe üzrə isə 500 metr məsafəyə yarışlarda mübarizə aparıblar.

Uzun aradan sonra yenidən bərpa olunan reqata ölkədə bacarıqlı idmançıları ortaya çıxarmaq və rəqabət yaratmaq baxımından vacib əhəmiyyət kəsb edir. Federasiya da belə yarışları təşkil etməklə gələcəkdə bu idman növündə kütləviliyə nail olmaq, eyni zamanda avarçəkməni  yeniyetmə və gənclər arasında populyarlaşdırmaq niyyətindədir.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışların son günü 3 yaş qrupunda qaliblər bəlli olub. “Mingəçevir Reqatası”nda  12 ölkədən olan avarçəkənlər iştirak ediblər.

Reqata başa çatdıqdan sonra iştirakçı ölkələrin nümunəvi paradı baş tutub. Komandalar əsas tribunanın qarışından keçməklə maraqlı anlar yaşadıblar.

Daha sonra isə qaliblər təltif edilib. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov və digər rəsmilər təqdim ediblər. Azərbaycan təmsilçiləri yarışı 26 medalla komanda hesabında ikinci pillədə bitiriblər. Mükafatların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc olub. Komanda hesabında birinci yeri isə Türkiyə millisi tutub.