• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 21.10.2022 20:08

Suqovuşan ikinci dəfə avarçəkmə yarışlarına ev sahibliyi edib

KepezTV Player

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na start verilib. İlk yarış günü Suqovuşanda baş tutub.

Yarışın rəsmi hissəsindən öncə idmançılar son hazırlıqlarını tamamlayıblar. Qayıqlar komandalar  üzrə düzülüb, bəzi idmançılar suda bir neçə dövrə vurublar.  Daha sonra reqatanın rəsmi açılış mərasimi keçirilib. Çıxışlarda rəsmilər, əcnəbi ölkələrin nümayəndələri azad olunan ərazilərdə mütəmadi olaraq müxtəlif yarışlarının təşkil edilməsindən danışaraq, bu beynəlxalq yarışın da böyük əhəmiyyətə malik olduğu dilə gətiriblər. Açılış mərasimində Suqovuşanın azad olunması əməliyyatında iştirak edən qazilər də iştirak ediblər. Ardından iştirakçı ölkələrin su üzərində rəsmi paradı baş tutub. Daha sonra isə simvolik olaraq Azərbaycan bayrağının rənglərində şarlar havaya buraxılıb.

Beynəlxalq yarışın ilk günü kayak və kanoe növlərində qaliblər müəyyənləşib. İdmançılar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafəyə yürüş ediblər.

Suqavuşandakı mübarizələrdə Azərbaycanla yanaşı, Turkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukrayna avarçəkənləri qüvvəsini sınayıb. Ümumilikdə Mingəçevir reqatasına 150-yə yaxın idmançı qatılıb. Bu reqatada Azərbaycan Milli Antidopinq Agentliyi də xüsusi stendlə təmsil olunub. Stenddə yerli və əcnəbi idmançılara, həmçinin rəsmi qonaqlara agentlik haqqında, həmçinin antidopinq qaydaları, qadağan edilmiş dərmanlar və sağlam idmanın təbliği istiqamətində geniş məlumat verilib. Suqovuşandakı ilk yarış gününün yekunlarına əsasən 4 yaş qrupunda kayak və kanoeçilər mükafatlandırılıblar. Azərbaycan komandası günü 4 qızıl, 5 gümüş və 5 bürünc medalla tamamlayıb.

Beynəlxalq reqata oktyabrın 23-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə başa çatacaq.