• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 21.10.2022 20:23

Azərbaycan Türkiyənin də dəstəyi ilə dünyanı heyrətləndirir

KepezTV Player

Azərbaycan işğaldan azad etdiyi torpaqlarda yeni nəqliyyat qovşaqları ilə regionu gündən-günə daha da canlanır. Qarabağ Müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamənin həyata keçirilməsi ilə region indi yeni nəqliyyat xətləri sayəsində müharibə şəraitindən çıxaraq iqtisadi inkişaf prosesindədir. Dünən Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə istifadəyə verilən Zəngilan Hava Limanı ilə isə Zəngəzur dəhlizi bir addım da yaxınlaşdı.

Qarabağda 30 ilə yaxındır bağlı qalan bütün təsərrüfat və nəqliyyat xətləri açılır. "Zəngəzur dəhlizi" adlandırılan nəqliyyat xətti ilə Azərbaycanla Naxçıvan arasında əlaqə yaranmaqla daha geniş coğrafi bağlar qurulur. Füzuli aeroportundan sonra bölgədə ikinci hava limanının istifadəyə verilməsi iqtisadi və nəqliyyat sarıdan Zəngəzura qapıları bir qədər də açdı. Bu dəhlizin reallaşdırılması üçün Azərbaycanın sürətlə reallaşdırdığı layihələrin intensivliyini göstərir.

Bu gün Azərbaycan-Türkiyə birliyi imkan verir ki, bütün azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılsın. Vəhşi düşmən tərəfindən yerlə yeksan edilən ərazilərdə sıfırdan şəhər və kəndlər tikmək, cəmi iki il ərzində 2 beynəlxalq hava limanı, yüz kilometrlərlə yol, müasir infrastrutur, ağıllı yaşayış məntəqələri inşa etmək heç də asan məsələ deyil.

Azərbaycan və Türkiyə Prezidentləri Cəbrayıldan dünyaya verdiyi mesajlarda da açıq şəkildə məqsədlərini bəyan etdilər. Bu gün sürətlə bərpa edilən, yenidən qurulan Qarabağ və Şərqi Zəngəzurda Türkiyə-Azərbaycan birliyi görünür. Azərbaycan əsas hədəfinin davamlı sülh olduğunu ortaya qoyub və bu prosesin hər mərhələsində də qardaş Türkiyənin tam dəstəyini hiss edir.

Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar fonunda bütün planlarını bir-bir icra edir. Qardaş Türkiyənin də dəstəyi ilə Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gəlir, bütün dünyanı heyrətləndirməyə davam edir.