• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1304
— 19.10.2022 19:54

Çətinliklərlə qarşı-qarşıya qalan “Göyəzən”

KepezTV Player

Qərb bölgəsinin futbolundan danışarkən ənənəsi olan rayonlar arasında şübhəsiz Qazaxın adı ön sıralarda çəkilir. SSRİ çempionatında, Azərbaycan Premyer Liqasında, 1-ci divizionda təmsil edən yerli “Göyəzən” bir sıra çətinliklər səbəbindən son illərdə olduğu kimi bu mövsüm də region liqasında çıxış edəcək. Müxbirimiz Orxan Cəfərzadə Qazaxda komanda rəhbərliyi ilə görüşüb, problemlərlə yerində maraqlanıb.

Bir vaxtlar ölkənin tanınmış klublarından olan “Göyəzən” region liqası yaranandan bu yarışda təmsil olunur. Əvvəllər böyük futbolda at oynadan, rəqiblərinə başağrısı olan komandanın hazırda həvəskarlar arasında çıxış etməsi Qazax futbolu üçün yaxşı hal saylımır. Region liqasından Araz-Naxçıvan, Mingəçevir, İmişli kimi klubların yenidən 1-ci divizona qayıtması Göyəzəni də ümidləndirib və kollektiv aidiyyatı üzrə müraciət də edib.

Region liqasında mübarizə aparacağı üçün Göyəzənin heyəti həvəskar oyunçulardan ibarətdir. Təbii ki, istənilən halda futbolçular məvacib qarşılığında oyunlara çıxırlar. Eyni zamanda səfər qarşılaşmalarına gediş-gəliş və digər məsələlər üçün maliyyə tələb olunur. Qazax kollektivinin ən yaralı yeri də məhz maliyyədir. Buna baxmayaraq komandanın yaşaması üçün rəhbərlik əlindən gələni edir.

“Göyəzən”in vitse-prezidenti bu mövsüm premyer liqada 2 və region liqasında isə 3 qərb komandasının iştirak etməsini  müsbət qiymətləndirib.

Yeni mövsümdə “Göyəzən” region liqasında iştirak ərizəsi üçün 22 futbolçu sifariş edib. Onlardan 3-ü Tovuz, 1-i Gəncə və 1-i isə Ağstafadandır. Digər 17 oyunçu Qazax futbol məktəbinin yetirməsidir. Region liqasına hazırlıq çərçivəsində komandanın baş məşqçisi Elxan Muradov çətinliklərdən də danışıb.

Uzun illər “Göyəzən” klubunda uşaq futbol komandaları demək olar ki, yox səviyyəsində olub. Sevindirici məqam odur ki, cari ildən artıq bu problem həll edilib və klub AFFA-nın aşağı yaş qrupları üzrə birinciliklərində da iştirak edəcək.

Göyəzənin əsas problemlərindən biri ev oyunlarını keçirdiyi Qazax şəhər stadionun yaxşı vəziyyətdə olmamasıdır. İstismar müddətini başa vuran arena region liqasının oyunlarına ev sahibliyi edəcək. Ancaq komanda 1-ci divizona çıxacağı təqdirdə idman qurğusu tələblərə uyğun gəlmir.

Ona görə ki, tribunların bəzi yerlərində böyük çatlar əmələ gəlib, sektorlar qəzalı duruma düşüb.  plastik oturacaqlar sıradan çıxıb. 40 ildən çox yaşı olan stadionun ot örtüyü də oyunların keçirilməsi üçün əlverişsiz vəziyyətdədir. Bundan başqa soyunub-geyinmə və duş otaqları, sanitar qovşaq yararsız haldadır. İnzibati otaqların yerləşdiyi dəhlizin divarlarında nəmişlikdən çatlar yaranıb, beton piltələrin bir neçəsi çökmə təhlükəsi ilə üz-üzədir.