• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 19.10.2022 15:20

Qayda pozan və yalan danışan sərxoş sürücü həbs edilib

KepezTV Player

Sumqayıt şəhərində qaydaları əməllicə pozan, sonra da buna haqq qazandırmaq üçün yalan danışan sərxoş sürücü həbs edilib. Təfərrüatlar qarşıdakı süjetdə.

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları “Niva” markalı avtomobilin sürücüsünə şəhər ərazisində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün “saxla” işarəsi veriblər. Buna məhəl qoymayaraq hərəkətini davam etdirən şəxsin məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada idarə etdiyi avtomobil “Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən şəhər sakini Cəfər Həsənov daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb. Sükan sahibinin avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə yol polislərinin “Saxla” əmrinə tabe olmadığı müəyyən edilib. Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmaq üçün guya qəza zamanı yol-patrul xidməti avtomobilinin onun qarşısını kəsməsi səbəbindən idarəetməni itirdiyini və avtomobili kanala aşırdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini bildirib. Amma hadisə yerinin yaxınlığında olan müşahidə kameralarından görünür ki, sürücünün qarşısı nəinki yol-patrul xidməti avtomobili, ümumiyyətlə heç bir nəqliyyat vasitəsi tərəfindən kəsilməyib. Həmçinin sürücü və sərnişinin polislər tərəfindən sudan çıxarılaraq xilas edilməsi də hadisə şahidləri tərəfindən lentə alınıb. Cəfər Həsənova da təqdim edilən bu görüntülərdən sonra o, sosial şəbəkələrdə yol polisinin ünvanına səsləndirdiyi iddiaları özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalandan dilinə gətirdiyini bildirib. Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.