• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 16.10.2022 20:45

Örnəyə, əfsanəyə, əbədiyyətə çevrilən igid Azərbaycan oğlu

KepezTV Player

Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə olmalıdır. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı, 2022-ci il sentyabr 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində qəhrəmancasına Şəhid olmuş Azər Məmmədov da iradəli, əqidəli, vətənə sevgi ilə bütövləşən qəhrəman oğullardan biri idi.

Şəhid baş gizir Azər Məmmədov 4 mart 1993-cü ildə Qazaxın Kəmərli kəndində anadan olub. 1999-2010-cu illərdə Qazax rayon Xanbağı kənd tam orta məktəbində təhsil alıb.2011-ci ilin aprel ayında hərbi xidmətə çağırılıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında, Lənkəranda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ilin oktyabrında hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam edib. 2019-cu ilin oktyabrından Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Xaçmazda yerləşən "N" saylı hərbi hissəsinin snayper bölməsinin qruplarından birində müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbçisi olan Azər Məmmədov 44 günlük Vətən müharibəsində iştirak edib. Şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. Müharibə bitdikdən sonra Azər Məmmədov əvvəlcə gizir, sonra isə baş gizir rütbələrinə layiq görülüb. 2022-ci il sentyabr 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.

"Dünya şirin, can şirindir", - deyirlər. İnsan hansı yaşda olursa-olsun bu dünyadan doymur. Gənc yaşında ölümün üstünə gedən Azər Məmmədov isə sübut etdi ki, Vətən candan şirindir. Şəhid olmasından 20 gün əvvəl ailə həyatı qurmuşdu. Vətənə olan sonsuz sevgisi canını göz qırpmadan fəda edəcək qədər güc gəldi igidimizə. Şəhidlik zirvəsinə yüksələrək örnəyə, əfsanəyə, əbədiyyətə çevrildi. Allah rəhmət etsin.