Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Kəpəz" Gəncədə "Neftçi"ni sınağa çəkib. Tarixi derbidə ev sahibləri oyundan öncə gözəl təşəbbüslə çıxış ediblər.
Belə ki, komandalar meydana şəhid övladları ilə birgə çıxıblar. Qarşılaşmada topa ilk zərbəni Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində valideynlərini itirən Hüseyn Əliyev və dağıntılar altında qalaraq xəsarət alan Bəxtiyar Heydərli endirib. Bundan başqa, "Kəpəz" tərəfindən şəhid övladlarına hədiyyə paketləri də təqdim olunub. Eyni zamanda, Gəncə şəhər stadionundakı tribunaların birində Vətən müharibəsi şəhidlərinin fotoları olan plakatlar, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb. Oyuna gəlincə hər iki komanda ilk dəqiqələrdən hesabı açmaq üçün irəli atılıblar. Görüşdə sükut 17-ci dəqiqədə pozulub. Emin Mahmudov cərimə zərbəsindən baxımlı vuruşla qonaqları önə keçirib. Uzun aradan sonra doğma azarkeşlərinin qarşısına çıxan sarı-göylər geriyə düşdükdən sonra təşəbbüsü ələ alaraq rəqib qapısı önündə təhlükəli anlar yaratsalar da, status-kvonu bərpa edə bilməyiblər. İkinci hissədə də bakılıları özünə aid meydana sıxışdıran dağlılar qol imkanlarından yararlana bilməyiblər. Bu azmış kimi komanda 62-ci dəqiqədə azlıqda qalıb. Gəncə kollektivinin heyətindən müdafiəçi Zamiq Əliyev görüşü ləngidən Kenni Sayefi başla vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. “Kəpəz” 10 nəfərlə oynamasına baxmayaraq hesabı bərabərləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Əvəzində 82-ci dəqiqədə qapısından ikinci topu buraxıb. Bu dəfə qonaqların qoluna Kenni Sayef imza atıb. Qarşılaşmanın sonunadək başqa qol olmayıb və Neftçi “Kəpəz”i 2 cavabsız topla məğlub edib.
- Baxış: 419