• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1116
— 14.10.2022 20:55

Aİ-nin mülki missiyasını Azərbaycana göndərmək cəhdləri qətiyyətlə rədd edilib

KepezTV Player

"Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib". Bunu Prezident İlham Əliyev Astanada MDB-nin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib. Münaqişədən sonrakı vəziyyətin müxtəlif cür inkişaf etdiyinə diqqət çəkən dövlət başçısı sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmaları xatırladıb. Azərbaycana münasibətdə mina və snayper terrorunun davam etdiyini vurğulayıb.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının minaların partlaması nəticəsində həlak olduğunu və xəsarət aldığını qeyd edən İlham Əliyev sentyabrdakı silahlı toqquşmalara da toxunub, bəzilərinin hesab etdiyi kimi, Azərbaycanın Ermənistan ərazisini işğal etmək niyyətində olmadığını bəyan edib. Silahlı toqquşmaların Rusiyanın vasitəçilik fəaliyyəti nəticəsində dayandırıldığını bildirib. Prezident İlham Əliyev Praqa görüşündən də danışıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib.

İlham Əliyev: "Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur"

Fransa ilə bağlı məsələyə də toxunan Prezident İlham Əliyev deyib ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:  Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Daha sonra bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük..

Fransanın indiki rəhbərliyi əvvəlki yaxşı münasibətlərin üstündən xətt çəkdi

Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə yalan bəyanatlarını, Fransa Senatı və aşağı palatasının İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiyini xatırladan dövlət başçısı noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlandığını vurğulayıb. Erməni diasporu amilinə baxmayaraq, Fransanın əvvəlki prezidentləri ilə yaxşı münasibətlərin olduğunu, indiki rəhbərliyin isə bunun üstündən xətt çəkdiyini deyib. Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildiyini xatırladıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir.

Deməliyəm ki, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub.

Ermənistan öhdəliklərini yerinə yetirməsə, adekvat tədbir görüləcək

Dövlət başçısı Ermənistanın 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın özünə aid hissəsini icra etdmədiyini də vurğulayıb. Hüquqi öhdəliyi olmasına baxmayaraq, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmədiyini, Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmadığını qeyd edib. Bəyanatın bu iki vacib bəndi icra edilməsə, Azərbaycanın adekvat tədbir görməkdən başqa seçiminin qalmayacağını vurğulayıb.