• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2091
— 13.10.2022 20:05

Sülh danışıqları ilə uzlaşmayan Fransa ermənipərəstliyi

İstər 30 illik vasitəçilik dövrü olsun, istər 44 günlük müharibə dövrü – Fransa hər zaman ermənipərəst mövqe sərgiləyib. Müharibə bitib, Azərbaycan bütün cəbhələrdə qələbə qazanıb, regionda geosiyasi vəziyyət köklü şəkildə dəyişib, amma rəsmi Parisin Azərbaycana qarşı qərəzli mövqeyi dəyişməyib.

Əslində biz Fransanın erməni təəssübkeşliyinə bir növ adət etmişik. Ovaxtkı Minsk qrupunun 3 həmsədrindən biri olan Paris 30 il ərzində bir dəfə də hüququn və ədalətin yanında dayanmadı. Neytral mövqe sərgilməli olduğu halda hər zaman işğalçı Ermənistanı dəstəklədiyini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dövründə də Fransadan fərqli davranış görmədik. Bu ölkə Azərbaycanın məğlubiyyəti üçün əlindən gələni əsirgəmirdi. Ermənistana hər cür – istər hərbi, istər iqtisadi, istər siyasi dəstək verirdi. Prezident Emmanuel Makron beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq üçün əməlli-başlı səy göstərirdi. Fransa XİN də tez-tez Ermənistanı dəstəkləyən bəyanatlar verirdi. Fransızların bu davranışına o zaman ən tutarlı cavabı Prezident İlham Əliyev vermişdi.

44 günlük Vətən müharibəsi dövründə nə Fransanın, nə də digər ermənipərəst dairələrin səyləri nəticə verdi. Azərbaycan haqq savaşından alnı açıq çıxdı. Ərazi bütövlüyünü bərpa etdi. Cənubi Qafqaz regionuna yeni reallıqlar gətirdi. Lakin Fransa ənənəvi erməniyönümlü siyasətindən əl çəkmədi.

Bu il oktyabrın 6-da Çexiyada keçirilən görüşdə də Makronun Ermənistan Baş naziri Nikol Paşinyana havadarlıq etdiyi açıq-aşkar hiss olunurdu. Lakin Prezident İlham Əliyevin qətiyyəti sayəsində Praqa görüşündə Fransa-Ermənistan tandeminin yarada biləcəyi istənilən təzyiqin qarşısı alındı, nəticədə hər hansı güzəşt ideyası yaxına buraxılmadı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını etiraf etdi.

Ermənistanın riyakarlığı, iç üzü bir qonşu kimi bizə çoxdan bəllidir. Vaxtilə ərazilərimizə yerləşdirilən ermənilər sonradan nankorluqlarını nümayiş etdirərək bizimlə torpaq davasına qalxdılar. Ermənistanın atdığı son addımlar isə İrəvanın daimi dəstəkçisi olan Rusiyaya xəyanətindən xəbər verir. Praqa görüşündə Paşinyanın Aİ və Fransanın missiyasını ölkəsinə dəvət etməsi belə deməyə əsas verir. Fransa Prezidenti Emmanuel Makron isə son çıxışında Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaqda, Ermənistan və Azərbaycan arasında baş verən son toqquşmalarda “məqsədli təxribatda” ittiham edib. Açığı Makronun bu açıqlaması, eləcə də sülh danışıqlarında əsas tərəf kimi görünmək istəyi kobud səslənsə də, ancaq özünü gözə soxmaq təsiri bağışlayır. Çünki Fransanın ermənipərəst mövqeyi sülh sözü ilə tərs mütənasibdir. Makronun elə bu günlərdə “Frans 2” telekanalına müsahibəsində dedikləri də fikrimizi təsdiqləyir. Fransa prezidenti həm 2020-ci ilin, həm də bu ilin sentyabrında gərginlikləri məhz Azərbaycanın başlatdığını iddia edir. Açıq şəkildə Parisin bundan sonra da Ermənistanı dəstəkləyəcəyini deyir. Maraqlıdır, bu açıqlamalardan sonra Fransa hansı üzlə sülh danışıqlarında vasitəçilik edəcək?