• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 11.10.2022 20:08

Afrika və Çexiyadan olan jurnalistlər erməni terrorunun izləri ilə tanış olublar

KepezTV Player

Cənubi Afrika Respublikası və Çexiyadan olan jurnalistlər Gəncə şəhərinə səfər ediblər. Jurnalistlər Qələbə parkında, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət edib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olublar. Onlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Mixail Pur - CNN-in Çexiya bölməsinin müxbiri: Təəssüratlarım bu oldu ki, olduqca təəccübləndim. Çünki daha əvvəl bu hücum barəsində bilmirdim, Çexiya Respublikasındakı hamı kimi mən də müharibənin əsasən Qarabağda cəmləşdiyini düşünürdüm. Biz Ukraynada yaşayış bölgələrinə edilən hücumların, oradakı müharibə qəddarlıqlarının əks olunduğu fotolarını görmüşük. Bu da onun kimidir. Müharibə yalnız hərbi obyektlərə cəmləşməlidir. Həftə ərzində Şuşada, Füzulidə, Zəngilanda, həmçinin Gəncədə olduq və gördüyümüz fotolarını mütləq paylaşacağıq, hər şeyi dəqiqliklə çatdıracağıq.

Mudli Pravaşe - CAR-ın SABC xəbər agentliyinin nümayəndəsi: Bizim xəbər agentliyimizdə xarici bölməmiz var və müxbirlərimiz bu bölgədə baş verən hadisələri mümkün qədər işıqlandırmağa çalışırlar. Bununla belə, bu gördüklərimdən sonra belə başa düşürəm ki, Qarabağ müharibəsi bizim mediamızda kifayət qədər işıqlandırılmayıb. Bir müxbir kimi mən hadisələrlə bağlı məlumatları tərəfsiz və emosiyalardan kənar şəkildə çatdırmalıyam. Lakin bir insan kimi deməliyəm ki, mülki əhalinin bu cür atəşə tutulması tamamilə qəbuledilməzdir. Uşaqların yerə atılmış oyuncaqlarını gördüm, bu tamamilə qeyri-insanidir. Mənim də övladım var. Burada gördüklərimi heç kəsə arzulamazdım. Burada baş verənləri birbaşa görmək mənim üçün bir təcrübədir.